28 may - Respublika günü münasibətilə Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir.

Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Prezident İlham Əliyevə təbrikində deyilir: “Zati-aliləri. Azərbaycanın milli bayramı – Xalq Cümhuriyyətinin qurulmasının 103-cü ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Sizə cansağlığı və uğurlar, xalqınıza davamlı həmrəylik arzu edirəm. Bu il Litva-Azərbaycan ikitərəfli münasibətləri üçün xüsusi ildir. Bu il dövlətlərimizin müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edəcəyik. Azərbaycanla Avropa İttifaqı arasındakı sıx dialoq Litva-Azərbaycan ikitərəfli münasibətlərinin uğurlu inkişafı üçün xüsusilə vacibdir. İslahatlar yolunda qətiyyət və Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq sazişi üzrə danışıqların yekunlaşdırılmasını arzulayıram. Ümid edirəm ki, bu il Avropa İttifaqının Şərq Tərəfdaşlığı siyasətinin prioritetlərini və istiqamətlərini müzakirə etmək üçün Şərq Tərəfdaşlığı Sammitində görüşmək imkanımız olacaq. Zati-aliləri, bir daha Sizi milli bayramınız – Respublika Günü münasibətilə təbrik edirəm. Xahiş edirəm, Sizə olan ən dərin hörmətimi qəbul edəsiniz”.

Malta Respublikasının Prezidenti Corc Vella da Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: “Zati-aliləri. Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Malta Respublikasının xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Əminəm ki, yeni əməkdaşlıq sahələrini araşdırmaqla bizim münasibətlər xalqlarımızın qarşılıqlı maraqları naminə növbəti illərdə də inkişaf edəcəkdir. Malta Respublikası, həmçinin Avropa İttifaqı və Azərbaycan Respublikası arasındakı münasibətlərin, xüsusilə də Şərq Tərəfdaşlığı dialoqu çərçivəsində dərinləşməsini dəstəkləməkdə davam edəcəkdir. COVID-19 pandemiyasının yayılması hər birimizə təsir edən təhdidlər yaratmaqda davam edir. Beynəlxalq ictimaiyyətin üzvləri kimi, bəşəriyyət əleyhinə olan bu müstəsna təhdidə qarşı həmrəylik göstərməyimizi və birgə mübarizəmizi davam etdirməyimiz əhəmiyyətli məsələ olaraq qalmaqdadır. Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ölkənizə əmin-amanlıq, davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Tailandın Kralı Maha Vacira-lonq-korn da Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: “Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına və xalqına əmin-amanlıq və rifah arzulayıram”.

Kot-d İvuar Respublikasının Prezidenti Alassane Uattara, Panama Respublikasının Prezidenti Laurentino Kortizo Kohen, Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının sədri General Min Aung Hlaing da 28 may - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları göndəriblər.