Füzulidən Şuşa şəhərinə çəkilən Zəfər yolunun üzərində qədim abidələr aşkar edilib.

Arxeologiya və Etnoqrafiya İnstitutundan verilən məlumata görə, yolun çəkilişi zamanı Füzuli rayonu ərazisində kurqanların olduğu bildirilib. Institutun əməkdaşları sahəyə baxış keçirib. Müəyyən edilib ki, Şəkərcik kəndi yaxınlığında, inşa edilən Zəfər yolunun 35 kilometrliyində, qəbiristanlığın ətrafında hündürlüyü 10 metrə yaxın olan iki təpə yerləşir. Böyük ehtimalla bu təpələr iri ölçülü kurqan tipli qəbir abidələridir. İşğal dövründə bu təpələrin hər birinin qərb ətəyində bir səngər qazılıb. Eyni zamanda, burada Xocalı-Gədəbəy mədəniyyətinə aid Son Tunc-İlk Dəmir dövrünün yaşayış yerinin əlamətləri olan obsidiandan hazırlanmış alətlər və saxsı qab fraqmentləri toplanılıb. Təkcə, bir gün ərzində Köndələnçay vadisindən Zəfər yolunun inşaat işlərinin təsir zolağında 40-dan çox arxeoloji abidənin olması müəyyən edilib və bir neçə yeni abidə aşkar olunub.