Milli Məclisin sədri: "Soyqırımı ilə bağlı qərarı ancaq beynəlxalq məhkəmə verə bilər." 

ABŞ Prezidenti Co Baydenin erməni soyqırımı ifadəsini işlətməsi Milli Məclisin bu gün keçirilən plenar iclasında da etirazla qarşılanıb. Spiker Sahibə Qafarova bildirib ki, bu, qəbuledilməzdir. Vurğulayıb ki, bu ifadəni işlədənlərin və siyasi dividentlər əldə etmək istəyənlərin hərəkəti təəssüf doğurur. Milli Məclisin sədri deyib: “Soyqırımı ilə bağlı qərarı ancaq beynəlxalq məhkəmə verə bilər. Bu, yalnız ABŞ Prezidentinin fikridir. Azərbaycan bu məsələdə də Türkiyənin yanındadır." İclasda həmçinin Fransa Senatının sədri Jerar Larşenin bu günlərdə Ermənistana səfəri zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamlara münasibət bildirilib. Diqqətə çatdırılıb ki, Fransa Senatı ədalətli mövqe tutsaydı, Azərbaycan torpaqlarının uzun müddət işğal altında saxlanmasına, dini və tarixi abidələrin dağıdılmasına, günahsız insanların məhv edilməsinə göz yummazdı. Cari məsələlərin müzakirə olunduğu iclasda Milli Məclis Mərkəzi Seçki Komissiyasının tərkibini də təsdiqləyib.