Son 200 ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımıları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanıb.

“Mart çıxdı, dərd çıxdı” deyərlər. Ancaq 103 ildir ki, 31 mart tarixi Azərbaycan xalqının qan yaddaşından soyqırımı dərdi kimi çıxmır. Silinmir. Unudulmur.

1918-ci il martın 30-dan aprelin 3-nə qədər Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və “Daşnaksütyun”dan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törətdi. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində təkcə Bakıda 12 minə yaxın azərbaycanlı qətlə yetirildi, on minlərlə insan itkin düşdü.

Tarixi araşdırmalar göstərir ki, qırğınlara səbəb Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak rejiminin hakimiyyəti dövründə Azərbaycanda güclənməkdə olan milli dirçəliş prosesidir. 1917-ci ilin oktyabrında Bakı Sovetinə keçirilən seçkilərdə bolşeviklər Müsavat Partiyasına ciddi şəkildə uduzur. Siyasi hakimiyyət uğrunda milli mübarizə bolşevikləri ciddi narahat edirdi. Elə buna görə də Stepan Şaumyan Bakıda azərbaycanlılara qarşı milli qırğın törədərək, xalqın oyanmaqda olan milli azadlıq, qurtuluş hərəkatını beşikdə ikən boğmaq, Müsavat Partiyasının sosial bazasını zəiflətmək, müsəlmanlara “dərs vermək” istəyirdi.

Bakıda törədilən 1918-ci ilin mart soyqırımında “Daşnaksütyun” bolşeviklərin zərbə qüvvəsini təşkil etdi. Martın 31-də səhər bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və digər Azərbaycan məhəllələrinə hücum etdilər. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində göstərilir ki, bolşevik-daşnak dəstələri 1918-ci ilin mart-aprel aylarında təkcə Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə hücum edib. Bu kəndlərdə 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunur. Bakıda Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tam hakimiyyətinin bərqərar olması qurbanların dəqiq sayının hesablanmasına imkan vermir.

1918-ci il mart soyqırımına qədər Azərbaycanın milli demokratik qüvvələri Rusiya tərkibində milli-məhəlli muxtariyyət tələbi ilə çıxış edirdilərsə, artıq qırğınlardan sonra bu ümidlər boşa çıxır. Mart soyqırımı nəticəsində sovetləşmə ideyasına güclü zərbə vurulur, xalqın müstəqil dövlətçiliyini bərpa etmək əzmi daha da güclənir.

Mart hadisələrinin üzərindən 80 il keçəndən sonra Ümumilli lider Heydər Əliyevin imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi yad olunur. Prezident İlham Əliyevin sərəncamına əsasən isə 2018-ci ildə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi Azərbaycanla yanaşı, dünyanın bir çox ölkəsində xatırlandı.

44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbə həm də 31 mart soyqırımı qurbanlarının qisası, babalarımızın yerdə qalmayan müqəddəs qanıdır. Bu gün mart dərdlərimizdən dərs çıxardığımız tarixdir.