BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarından istifadəyə mənfi təsiri məsələsinə diqqəti çəkir və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğunu vurğulayır. Sənəddə Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiyasının əhəmiyyətini qeyd edilir. Qətnaməyə ümumilikdə 133 dövlət həmmüəlliflik edib ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən sənədlər üçün olduqca yüksək göstəricidir. Qeyd edək ki, sözügedən qətnamə Prezident İlham Əliyevin 1 fevral tarixində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinin COVID əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə laqeyd qalmayacağı ilə bağlı ifadə etdiyi mövqeyə uyğun olaraq irəli sürülüb və əldə edilən nəticəyə əsasən, ölkə başçısının pandemiya ilə bağlı əvvəlki təşəbbüsləri kimi, bu təşəbbüs də qısa müddət ərzində qlobal dəstək qazandı.