Panamanın “Panama Revista” internet jurnalında Xocalı soyqırımı haqda jurnalistlər - Federiko Muinya və Hektor Barrosun müəllifi olduğu “24 saat kifayət edir” başlıqlı məqalə dərc olunub.

Məqalədə 1992-ci ilin 26 fevral tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımı haqda məlumat verilir, bu amansız qətliam zamanı azyaşlı uşaqlar və qadınlar da daxil olmaqla 613 nəfər mülki azərbaycanlının xüsusi qəddarlıqla qətlə yetirildiyi, yüzlərlə insanın yaralandığı və itkin düşdüyü bildirilir. Yazıda dinc əhaliyə qarşı törədilmiş bu amansız qətliamın Xocalını əhalisi ilə birlikdə yer üzündən tamamilə silmək məqsədi daşıdığı və Ermənistanın keçmiş prezidenti, soyqırımının təşkilatçılarından olan Serj Sarkisyanın erməni tərəfinin Xocalıdakı cinayətlərinə dair etirafları qeyd olunur. Xocalıda törədilmiş qətliamın soyqırımı xarakteri daşıdığı vurğulanır və bu faciənin bir sıra dövlətlər, o cümlədən Kolumbiya, Meksika parlamentləri, habelə İslam Əməkdaşlıq Təşkilatı tərəfindən rəsmi qaydada tanındığı bildirilir.