Prezident İlham Əliyevin sərəncamına əsasən, yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan Vətən müharibəsi əlilləri və şəhid ailələri 2021-2025-ci illərdə mərhələli şəkildə fərdi ev və mənzillə təmin olunacaqlar. İndiyə qədər isə bu kateqoriyadan olan ailələr üçün 9 100 fərdi ev və mənzil tikilib. Onlardan 64-ü Lənkərandadır

Sağlamlığını itirən qəhrəmanların mənzil-məişət şəritinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan yararlanan vətəndaşlardan biri Lənkəran sakini, Birinci Qarabağ müharibəsi qazisi Vidadi Həsənovdur. O, ailəsi ilə artıq dövlətin tikdiyi fərdi evdə yaşayır: “Dövlətimiz ən gözəl, ən qəşəng evlərdən birini də mənim üçün tikdi. Qonaq gələn qarşısına ağ üzlə çıxıram. Əvvəl isə köhnə, balaca bir daxmam var idi”.

Vidadi Həsənov Lənkəranın Havzava kənd sakinidir. 50 yaşı var. Daxili İşlər Nazirliyinin əməkdaşı kimi 1992-1993 illərdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib və Qubadlıda yaralanıb. Özünün də qeyd etdiyi kimi, mənzil sarıdan çətinliyi olub. Ötən il dövlət vəsaiti hesabına ailəsi üçün fərdi yaşayış evi tikilib. Həyat yoldaşı və 15 yaşlı oğlu ilə indi hər bir şərait olan iki otaqlı evdə yaşayır.

Yoldaşı Nisə Həsənova da evdə yaradılmış şəraitdən razıdır: “Sağ olsun dövlətimiz, bizim kimi ailələr qayğı göstərir. Ev təzə olanda iş görmək də, həyat şəraiti də rahat olur. Qadına nə lazımdır? Təmiz ev, rahat yaşayış”.

Lənkəranda digər müharibə əlilləri və şəhid ailələrinin də mənzil şəraiti yaxşılaşdırlıb. Belə ki, 2014-2020-ci illərdə bu kateqoriyadan olan

ailələr üçün 64 mənzil və fərdi ev tikilib. Ötən il rekord nəticə qeydə alınıb. 24 mənzil və 21 fərdi ev şəhid ailələri və müharibə əlillərinin istifadəsinə verilib. Dövlət onların məşğulluğunun təmin olunması, əlillərin reabilitasiyası, cəmiyyətə inteqrasiyası üçün də tədbirlər görür.

V.Həsənov pensiyasının məbləğinin yaxşı olduğunu, hər il də artırıldığınə qeyd edir.

Dövlət başçısının sərəncamına əsasən Vətən müharibəsində əlil olan döyüşçülərin və şəhid ailələrinin də mənzil şəraiti yaxşılaşdırılacaq. Bu proqram 2025-ci ilə qədər başa çatdırılacaq.

Pərvanə Nəhmətqızı