Tezliklə işğaldan azad olunan torpaqlarımızda teleradio yayımına başlanacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin mütəxəssisləri işğaldan azad olunmuş ərazilərdə radio və televiziya yayımı xidmətlərinin qısa müddətdə tam bərpa olunması məqsədi ilə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Şuşa şəhərində işlər aparırlar.  

Şuşa şəhərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən mövcud Radio-Televiziya Yayım Stansiyasının texniki binası və stansiyadakı avadanlıqlar ermənilər tərəfindən tamamən dağıdılıb, bəziləri isə demontaj olunaraq aparılıb, istismara yararsız vəziyyətə salınıb. Tədbirlər planına əasən işğaldan azad olunmuş rayonlarda radio-televiziya yayımının qısa müddətdə bərpası məqsədilə hazırlıq görülür.

İlkin olaraq Şuşa və Xocavənd rayonunun Hadrut Radio-Televiziya Yayım Stansiyasının işinin bərpa edilməsi məqsədilə mövcud daxili imkan və ehtiyatlardan istifadə olunacaq. Texniki hazırlıq işləri başa catdırılıb, Şuşa və Hadrut Radio-Televiziya Yayım Stansiyası elektrik enerjisi ilə tam təmin olunduqdan sonra yayıma başlanacaq.  

Nəticədə ölkənin bütün telekanalları və 1 xarici kanal, eləcə də radio proqramları Xocavənd, Cəbrayıl, Füzuli, Zəngilan rayonları və Şuşa, Xankəndi, Qubadlı, Xocalı, Əsgəran, Ağdam rayonları, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edəcək.