TV Redaksiyalar | Radio Redaksiyalar

«Ədəbiyyat və İncəsənət» redaksiyası

Ötən əsrin 20-ci illərinin sonlarından fəaliyyət göstərən redaksiya bir müddət «Ədəbi-dram» adlandırılıb. O zaman bu redaksiyaya görkəmli yazıçı Məmməd Səid Ordubadi rəhbərlik edib. Həmin dövrdə bütün radio məhsulunun üçdə biri bədii verilişlərdən ibarət olub.

Ordubadi radioya Cəfər Cabbarlı, Hüseyn Cavid, Mirzə Cəlil Məmmədquluzadə, Mikayıl Müşfiq, Seyid Hüseyn, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Mehdi Hüseyn, Sabit Rəhman, Mircəlal Paşayev və başqa nasir və şairləri cəlb etməklə efirdə yeni əsərlərin tez-tez səslənilməsinə nail olurdu. Bu, ədəbi dilin inkişaf etməsinə, yad təsirlərdən qorunmasına xidmət edirdi.

«Ədəbiyyat və İncəsənət» redaksiyası illər uzunu xalqın milli-mənəvi sərvətinin keşiyində dayanaraq, öz missiyasını yüksək ləyaqətlə yerinə yetirib. Məmləkətimizdə və dünyada, Azərbaycan və azərbaycançılıq yönündə keçirilən mədəni tədbirlər, eləcə də son illərdə ölkəmizdə sənətə  verilən yüksək dəyər də redaksiyanın verilişlərində öz əksini tapır.

«Sabahınız xeyir», «Şəbəkə» kimi uzunömürlü  verilişlərlə yanaşı, «Sənət söhbətləri», «İlham çeşməsi», «Elçi daşı» kimi proqramlar da xalqımızın mənəvi xəzinəsini zənginləşdirən söz-sənət xiridarlarının əsərlərini yaşatmağa çalışır. Bütün bunlardan başqa «Vaxtınız varsa», «Bizdən sonra», «Unudulmayanlar», «Söz dünyamız», «Şərq müdrikliyi», «Dünyanı bəzəyənlər», «Abidələrimiz», «Elm və həyat», «Bir nəğmənin nağılı», «Gecə döyülən qapılar», «Kino səltənəti», «Sevgilimsən poeziya», «Həmsöhbət» kimi verilişlər də dinləyicilərin zövqünü oxşayır. Adları sadalanan verilislərin bəziləri 40 ildir ki efirdədir.

«Ədəbiyyat və incəsənət» redaksiyasının Baş redaktoru, əməkdar  incəsənət xadimi Şəfəq Əlixanlıdır.