AzTV | TV Redaksiyalar

«Azərbaycantelefilm» Yaradıcılıq Birliyi

«Azərbaycan Televiziya  və  Radio  Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin  yaradıcı strukturlarından biri də «Azərbaycantelefilm» Yaradıcılıq Birliyidir. Birlikdə 2012-ci ilə kimi  1000 saat həcmindən  çox sənədli televiziya  filmləri istehsal  olunmuşdur. Müxtəlif  janrlarda olan bu televiziya  filmlərinin əksəriyyəti  kinolentə  çəkilmiş, qalan hissəsi  is videolentə alınmışdır.

1959-cu il dekabrın  22-də  Azərbaycan Dövlət Televiziyası  kollegiyasının qərarı   əsasında ilk bədii  televiziya  filminin çəkilməsi  haqqında  əmr  imzalanmışdır. Həmin  əmrə əsasən 1960-cı  ildə Bakı televiziyasında kinorejissor Kamil  Rüstəmbəyov,  Səməd  Vurğunun  eyni  adlı   poemasının  ssenarisi əsasında «Aygün»  bədii  televiziya  filminin  çəkilişinə   başladı. Filmin  operatoru  Əlihüseyn Hüseynov, rəssamı  Fikrət Əhmədov, bəstəkarı Zakir Bağırov, səs operatoru  Ağahüseyn  Kərimov  idi. Film  ilk dəfə 1961-ci  ildə Bakı  televiziyasında nümayiş  etdirilidi.

1965-ci ildə Bakı  Studiyasında  rejissor  Rasim  İsmayılov  «Danışan  işıqlar»  adlı ilk  cizgi  televiziya filmini çəkdi. Cizgi filminin operatoru  Vaqif Behbudov,  rəssamı Rafis İsmayılov, bəstəkarı Rühəngiz Qasımova idi.  Sonradan televiziya cizgi filmlərinin çəkilişi ilə operator-rejissor Vaqif Behbudov ciddi məşğul  olmağa başladı.

1968-ci  ildə Bakı Televiziya Studiyasında «Ekran»  Yaradıcılıq Birliyi yaradıldı.

1973-cü ildə «Ekran»  Yaradıcılıq  Birliyinin  adı  dəyişdirilərək «Azərbaycantelefilm» oldu. Birliyin  adı dəyişsə də, fəaliyyəti müəyyən olunmuş  yaradıcılıq istiqamətində  davam etdirilirdi. Lakin,  bir  müddətdən sonra «Azərbaycantelefilm»  ləğv  olunaraq  «Lent üzərində  proqramm  hazırlayan  redaksiya»  adlandırıldı. Amma qısa  zaman kəsiyindən sonra «Azərbaycantelefilm»  öz adını  bərpa etdi.

Hazırda  «Azərbaycantelefilm» Yaradıcılıq Birliyinin  direktoru  əməkdar  jurnalist  Səyavuş  Məmmədov,  baş  redaktoru Yaqub Əlioğlu, baş redaktor müavini Salar Aslanov, baş  rejissoru Zahid İsmayılov, baş operatoru Adil Abbasov, baş səs rejissoru Rəşad Mustafayevdir.