AzTV | Haqqımızda

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Sədri

ARİF NİZAM OĞLU ALIŞANOV

Arif Nizam oğlu Alışanov 30 iyul 1960-cı ildə Bakı şəhərində anadan olub. 45 saylı orta məktəbdə və D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun Mühasibat uçotu, iqtisadiyyat və təsərrüfat fəaliyyətinin analizi fakültəsində təhsil alıb, 1984-cü ildə iqtisadçı ixtisasına yiyələnib. Sonrakı dövrdə Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunu, Bakı Ali Partiya Məktəbinin İdeoloji kadrlar fakültəsini bitirib.

Ali təhsil almaqla yanaşı, 1977-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə  başlayıb. Ordu sıralarında hərbi xidmət keçdikdən sonra yenidən AzTV-də əmək fəaliyyətini davam etdirib.

1981-ci ildən şöbə müdiri, idarə rəisi, baş idarə rəisi, 1997-ci ildən Texniki-İstehsalat Birliyinin direktoru vəzifələrində çalışıb. 17 may 2001-ci ildən həmin birliyin direktoru vəzifəsi saxlanılmaqla Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti sədrinin texnika üzrə müavini işləyib.

28 mart 2005-ci ildə dövlət başçısının sərəncamı ilə «Azərbaycan Teleradio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, 16 avqust 2006-cı ildə isə sədr vəzifələrinə təyin olunub.

İqtisad elmləri namizədidir. Türk və rus dillərini bilir.

Evlidir, 3 övladı var.