| Azərbaycan
Televiziyasının fəaliyyətini iki mərhələyə bölmək olar:
müstəqilliyə qədərki və sonrakı dövrlər.
Başlanğıc
Azərbaycan
televiziyası radiodan düz 30 il sonra – 1956-cı il fevralın
14-də fəaliyyətə başladı. Bu, Stalin rejimindən qurtuluş
tapan sovet cəmiyyətində aşkarlığın rüşeymlərinin yenicə
yaranan dövrünə təsadüf edirdi.
Bakı televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanıldı.
Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində
– Mehdi Hüseyn 1 adlanacaq ünvanda seçilmişdi. Azərbaycanlı
inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları
ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri
telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi.
1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra
sınaq verilişləri yayımlanırdı.
Ilk veriliş günü ekranda sonradan Azərbaycanın tanınmış
sənətkarına çevriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə
Məlikova göründü. Çıxışını «Göstərir Bakı!» kəlməsi ilə
açan Nəcibə xanım tamaşaçıları televiziyanın fəaliyyətə
başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda «Bəxtiyar»
bədii filmi nümayiş etdirildi.
Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq
proqramla efirə çıxırdı.
Ilk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından
burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət
edilirdilər. Televiziyada proqramlaşdırma, şəbəkə və model
haqqında anlayış yox idi. Buna görə də yeni kütləvi informasiya
vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərirdi.
Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi
göstərməyi qərara alırdılar. Seçim isə zəngin deyildi: klassik
və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər,
teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək
qabaqcıllarının çıxışları nümayiş etdirilir, diktor qəzetlərdən
15 dəqiqəlik qısa xəbərlər oxuyurdu.
1957-ci ildən Azərbaycan televiziyası efirə həftədə 5 dəfə
çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20
dəqiqəyə çatdırıldı.
1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək
artmışdı.
70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik
veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə
18 saata çatdırıldı. 2005-cı ilin yanvarından isə televiziyamız
24 saatlıq fasiləsiz yayıma keçdi.
Televiziyanın
statusu
1956-cı ildə Bakı televiziya studiyası və Radioinformasiya
idarəsi ayrılıqda fəaliyyət göstərirdi.
1957-ci ilin oktyabrında Mədəniyyət nazirliyinin tabeliyindən
çıxarılan televiziya qurumu Radioinformasiya idarəsi ilə
birləşdirildi və Respublika Nazirlər Soveti yanında Dövlət
Radio və Televiziya Verilişləri Komitəsi adlandırıldı.
1970-ci ildə televiziya Dövlət Televiziya və Radio Verilişləri
Komitəsi statusu aldı.
1991-ci ildə komitə şirkətə çevrildi.
2003-cü ilin iyunundan Azərbaycan Dövlət Televiziyasının
tərkibində olan Naxçıvan televiziyası müstəqil yayımçı kimi
fəaliyyət göstərməyə başladı.
2005-ci ildən isə Azərbaycan prezidenti Ilham Əliyevin sərəncamı
ilə şirkət «Azərbaycan Televiziya və Radio Verilişləri»
Qapalı Səhmdar Cəmiyyətinə çevrildi.
Sədrlər
1956-cı ildə Bakı televiziya
studiyasına Ənvər Əlibəyli, Radioinformasiya idarəsinə isə
Israfil Nəzərov rəhbərlik edirdilər.
1957-ci il mayın 16-da Teymur Əliyev Dövlət Radio və Televiziya
Verilişləri Komitəsinin sədri, Nəsir Imanquliyev isə sədrin
birinci müavini təyin edildi.
1965-ci ildə T.Əliyev Azərbaycan KP MK-da işə keçdiyi üçün
Teleradio Komitəsinin sədri Ənvər Əlibəyli oldu.
1969-cu ildə qəfildən dünyasını dəyişən Ənvər Əlibəylini
Imran Mirzəyev əvəz etdi. Onun sədrliyi 11 ay çəkdi.
1970-ci ilin yanvarında Teleradio Komitəsinin sədri vəzifəsinə
Bakı Ali Partiya Məktəbinin kafedra müdiri Qurban Yusifzadə
təyin edildi. O, bu vəzifəni 1982-ci ilə qədər icra etdi.
1983-cü ildə sədr vəzifəsinə Elşad Quliyev təyin olundu.
1990-cı il 20 Yanvar hadisəsindən sonra Quliyev vəzifəsindən
istefa verdi.
1990-cı il yanvarın 27-də onu Qeysər Xəlilov əvəzlədi. O,
bu vəzifəni 1991-ci ilin noyabrına qədər icra etdi.
1991-ci ilin noyabrından 1992-ci il martın 6-na kimi Teleradio
Şirkətinə Məmməd Murad rəhbərlik etdi.
1992-ci il martın 7-də Elşad Quliyev yenidən Teleradio Şirkətinə
sədr təyin olundu və o, 1992-ci il mayın 14-nə qədər bu
quruma başçılıq etdi.
1992-ci il martın 14-də hakimiyyətə 1 günlük müddətə qayıtmış
Ayaz Mütəllibov Şirkət rəhbərliyinə yenidən Məmməd Muradı
qaytardı, amma o, həmin postda yalnız 1 gün qala bildi.
1992-ci il mayın ortalarında hakimiyyətə gəlmiş Xalq Cəbhəsi
Teleradio Şirkətinə şair Məmməd Ismayılı sədr təyin etdi.
1993-cü ildə Məmməd Ismayılı Babək Məmmədov əvəz etdi. O,
1996-cı il sentyabrın 5-də tutduğu vəzifədən azad edildi.
1996-cı ilin sentyabrında Teleradio Şirkətinin sədri Nizami
Xudiyev təyin edildi. 2006-cı ilin iyununda ölkə prezidenti
Ilham Əliyevin əmri ilə N.Xudiyev «Azərbaycan Televiziya
və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədri
vəzifəsindən azad edildi.
2006-cı il avqustun 16-da prezident Ilham Əliyevin sərəncamı
ilə «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı
Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov təyin edildi.
Ilk
diktorlar
1956-cı
ilin mayında ekranda ilk diktorlar göründülər. Onların arasında
Tamara Gözəlova, Nailə Mehdibəyova, Sevda Qənizadə, Sara
Manafova, Rəna Nəsirova, Rəxşan Aslanova, Sima Xasıyeva,
Nizami Məmmədov var idi.
Sonradan televiziyada istedadlı diktorlar nəsli meydana
gəldi: Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Şərqiyyə
Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Həqiqət Əsgərova,
Natəvan Hacıyeva, Tamilla Ələkbərova, Davud Əhmədov, Gülşən
Əkbərova, Nərgiz Cəlilova, Ülkər Quliyeva, Aygül Qaradağlı,
Dilarə Səlimova, Rafiq Həşimov və başqaları.
Teleqüllə
1956-cı
ildə teleqüllənin inşası hələ başa çatmamışdı. Ona görə
də Bakı studiyasının ötürücüsü 44 metrlik adi neft buruğunda
quraşdırılmışdı.
1957-ci
ildə hündürlüyü 180 metr olan qüllə istifadəyə verildi.
O zaman qüllənin vasitəsilə ötürülən verilişlərə yalnız
paytaxtda və onun ətrafında baxmaq mümkün idi.
1960-cı
ildə Bakı–Ağstafa radiorele xəttinin istismara verilməsi
ilə televiziya retranslyasiya stansiyaları Göyçay–Gəncə–Ağstafa
məntəqələrində fəaliyyətə başladı. Bunun nəticəsində Azərbaycanın
əksər rayon mərkəzlərində və yaşayış yerlərində televiziyaya
baxmaq imkanı yarandı.
1961-ci
ildə Gəncədə, Göyçayda və Şuşada güclü televiziya stansiyalarının
işə düşməsi Bakıdan yayılan verilişləri Xanlar, Goranboy,
Yevlax, Mingəçevir, Ağcabədi və Dağlıq Qarabağda maneəsiz
qəbul etməyə imkan verdi.
1962-ci
ilin yanvarında Naxçıvanda qurulan kiçik televiziya stansiyasının
sayəsində Muxtar Respublikanın da əhalisi televiziya verilişlərini
izləyə bildi. 1963-cü il martın 12-də işə düşən Naxçıvan
studiyası öz proqramlarını bu stansiyanın vasitəsi ilə yerli
əhaliyə nümayiş etdirməyə başladı.
1964-cü
il yanvarın 31-də Bakı–Moskva radiorele xəttinin istifadəyə
verilməsi ilə Azərbaycan əhalisi Moskvadakı Mərkəzi televiziyanın
proqramlarına, «Intervideniye» və «Evrovidenie»nin verilişlərinə
baxmaq imkanı əldə etdi.
Proqram
saatının artırılması, qabaqcıl texnologiyanın rabitə və
telekommunikasiya sistemində tətbiq olunması yeni teleqüllənin
ucaldılmasını tələb edirdi. 1979-cu ildə Rabitə Nazirliyi
Bakıda 310 metrlik teleqüllənin tikilməsi üçün fəaliyyətə
başladı. Təməli 1981-ci ildə qoyulan yeni televiziya qülləsi
1996-cı il iyunun 7-də istifadəyə verildi.
Hazırda
Azərbaycan televiziyasının yaydığı verilişlərə tamaşaçılar
nəinki vətənimizin hər bir şəhər və kəndində, ən ucqar yerlərində,
həmçinin dünyanın bir çox ölkələrində də baxa bilirlər.
2004-cü
ilin fevralından başlayaraq AzTV-nin proqramlarının Avropa
ölkələrində daha keyfiyyətli yayımı təmin edildi. Bu məqsədlə
«Teleradio» Istehsalat Birliyinin mütəxəssisləri teleqüllə
kompleksində yeni rəqəmsal TV – Up-link stansiyasını quraşdırdılar.
Indi Azərbaycan televiziyasının verilişləri həmin stansiyadan
Avropaya «Hot Bird» və «SESAT», Şimali Amerikaya «Galaxy
25», Asiyaya «Turksat 1C» peykləri vasitəsilə yayılır.
Təsadüfi
deyil ki, 2007-ci ildə Avropaya yayımın texniki müvafiqliyinə
görə Azərbaycan Televiziyası «Avropa keyfiyyəti» medalına
layiq görülmüşdür.
Texniki imkanlar
1956-cı
il sentyabrın 2-nə qədər Bakı studiyası artıq 100-ə qədər
bədii film göstərmişdi. Bakılılar televiziya ilə «Sovet
Azərbaycanı», «Elm və texnika», «Xarici xronika», «Pioner»
adlı kino jurnallarına baxa bilirdilər. Moskvadan və SSRI-nin
digər respublikalarından ölkəmizə qonaq gələn sənət adamları
tez-tez Bakı studiyasından çıxış edirdilər.
Ilk
dövrdə Bakı studiyası 30 kvadrat metrlik iki otaqdan ibarət
idi. Yarıdan bölünmüş otaqların birində kino aparatları
quraşdırılmışdı, o birindən isə diktorların və kiçik musiqi
qruplarının çıxışları efirə verilirdi.
Studiyada
yalnız 1 studiya telekamerası, eləcə də kinofilmlər və diapozitivlər
nümayiş etdirmək üçün kinoproyeksiya zalında iki kamera
yerləşdirilmişdi. Üç kameradan biri diktor, yaxud çıxışçı,
digər ikisi isə film üçün idi. Studiyadakı kamera sıradan
çıxdıqda, diktorun təsviri və mətni kinoproyeksiya otağından
verilirdi.
1957-ci
ildən STS-52 səyyar televiziya stansiyasının işə salınması
studiyadankənar verilişlərin hazırlanmasına imkan yaratdı.
1957-ci
il iyunun 9-da ilk dəfə Respublika stadionundan futbol oyunu
translyasiya edildi. Stadiondan reportajı radiojurnalist
Valid Sənani aparırdı. Iyunun 28-də isə həmin stadiondan
tələbə və gənclərin festivalı göstərildi. Akademik Dram,
Opera və Balet teatrlarından, Filarmoniyadan, digər konsert
salonlarından birbaşa yayımlara başlanıldı.
1958-ci
ildə Leninqraddan (indiki Sankt-Peterburq) o dövr üçün müasir
texniki vasitə sayılan səkkiz kanallı avadanlıq alındı,
televiziya mərkəzində yenidənqurma işləri başlanıldı.
60-cı
illərin ortalarından studiyalarda yeni texnologiya tətbiq
edildi.
1965-ci
ildən çəkiliş pavilyonunda istifadə olunan KMZI-4 videoyazı
texnikası tamaşaların videomaqnit lentinə köçürülməsinə
şərait yaratdı.
1970-ci
ilə qədər yerli efir məkanında video texnikasının olmaması
televiziyanın inkişafını ləngidirdi. Yalnız 1970–1972-ci
illərdə çəkilişlər kinokameranın 16 millimetrlik lenti ilə
aparıldıqdan sonra informasiya proqramlarında reportajların
göstərilməsinə başlanıldı.
1971-ci
ildə istifadəyə verilən təkmilləşdirilmiş «Kadr-2» video
sistemi isə montaj üçün əlverişli şərait yaratdı.
1970-ci
ildən Moskva televiziyası proqramları rəngli yayımlamağa
başladı. Azərbaycan televiziyası isə 1973-cü ildən yalnız
Bakıda rəngli yayıma keçə bildi. 70-ci illərin ortalarından
KADR-3R videmaqnitofonundan istifadəyə başlanılması keyfiyyətli
elektron montajına şərait yaratdı.
1970–1980-ci
illərdə videotexnika efirə yol açdı.
1985-ci ildə Azərbaycan Televiziyası texniki təchizatına,
film istehsalı və müxtəlif proqramlarla Mərkəzi televiziyadakı
çıxışlarına görə SSRI-də 4-cü yerə çıxdı.
1981-ci
ildən 1991-ci ilə qədərki vaxtı əhatə edən dövrdə o zaman
üçün ən qabaqcıl sayılan texniki vasitələr televiziya məkanına
yol açdı. Texniki imkanların genişlənməsi verilişlərin keyfiyyətini
ildən-ilə yüksəltdi, yeni formalar axtarıb tapmaqda kömək
etdi. Video kameralarının vasitəsilə çəkilişlər aparmaq,
montaj etmək, həm də birbaşa efirə çıxmaq mümkün oldu.
Hazırda
isə Azərbaycan televiziyası rəqəmsal istehsalata keçmək
üzrədir.
Verilişlər
Ilk
illərdə «Azərbaycan bəstəkarlarının portretləri», «Ədəbiyyat
və incəsənət», «Azərbaycan ədəbiyyatının klassikləri», «Görkəmli
səhnə ustaları», «Bakının teatr və konsert salonlarında»,
«Lenin mükafatı laureatları», «Məktəb və həyat», «Xalq drujinaçısı»,
«Bizim qonaqlarımız», «Festival qarşısında» və s. bu kimi
verilişlər efirə çıxırdı.
1958-ci
ildən başlayaraq proqramlarda publisistik janra üstünlük
verildi, reportajların sayı artdı. Bayram tədbirlərindən,
iclaslardan, görüşlərdən birbaşa yayımlar reportajları zənginləşdirən
amilə çevrildi.
60-cı
illərin sonundan proqramların texniki təminatının yaxşılaşdırılması
ilə yanaşı, maraqlı müəllif və rejissor axtarışları da nəzərə
çarpırdı.
Azərbaycan
televiziyası xəbərlər buraxılışını 1960-cı ildən efirə verməyə
başlayıb. Ilk dövrdə bu veriliş «Günün yenilikləri» adlanırdı.
Həmin ilin aprelindən informasiya buraxılışı «Son xəbərlər»
adı ilə həftədə 5 dəfə efirdə göstərildi. Iri həcmli xəbərlər
proqramının nümayişi isə Mərkəzi televiziyanın «Vremə» («Zaman»)
informasiya proqramının yaranışından sonraya təsadüf edir.
1967-ci ildə «Günün ekranı» xəbərlər proqramı efirə çıxdı.
Bu proqram ölkədə və dünyada cərəyan edən ən mühüm hadisələri,
rəsmi məlumatları və görüşləri tamaşaçılara çatdırırdı.
1960–70-ci
illərdə yerli televiziyada «Odlar diyarı», «Dostluq», «Zaman
və biz», «Yaddaş: Tarixin səsi» «Sənayemizin üfüqləri»,
«Tələbə klubu», «Şən və hazırcavablar klubu» kimi verilişlər
yaranmışdı.
1960-cı
il dekabrın 31-də ilk dəfə «Sizinlə birlikdə» Yeni il proqramı
nümayiş olundu. Canlı efirdə 2 saatdan artıq davam edən
verilişdə musiqi, müsahibə, təbriklər, səhnəcik, bir neçə
müəssisədən çəkilmiş süjet və söhbətlərdən istifadə edildi.
Proqramın müəllifi və rejissoru Kərim Kərimov, aparıcısı
isə xalq artisti Möhsün Sənani idi.
70-ci
illərin sonunda ekranda «Insan və qanun», «Ədəbiyyat və
zaman» «Valideynlər, sizin üçün», «Hünər», «Tələbə klubu»
«Sağlamlıq», «Incəsənət», «Hekayə axşamı», «Yumoristik novellalar»,
«Necəsən, gənc dost?», «Yeddinci qitə», «Yaşıdlar», «Məktəblilərin
rəqs salonu», «Kamillik» kimi maraqla izlənən verilişlər
vardı.
70-80-ci
illərdə televiziya jurnalistikası sahəsində Ələkbər Abbasov,
Tofiq Axundov, Zeynal Məmmədli, Nadir Abdullayev, Qərib
Əhmədli, Telman Qafarov, Tamilla Aşumova, Nadejda Ismayılova,
Telli Əliyeva, Tofiq Abbasov, Ilqar Qasımov, Osman Mirzəyev,
Samir Əsgərxanov, Famil Ismayılov kimi jurnalistlər fəaliyyət
göstərirdilər. Onlar yeni forma və üslub nümayiş etdirməyə
çalışırdılar.
80-ci
illərdə Azərbaycan televiziyasında 50 adda veriliş yayımlanırdı.
Onların arasında «Günün ekranı», «Aşkarlıq», «Sizin istəyinizlə»,
«Arzular», «Səhər görüşləri», «Komediyalar aləminə səyahət»,
«Dialoq», «Dalğa», «Açıq-aşkar», «Aktual söhbət», «Publisist»,
«Inam», «Dünyaya pəncərə» «Çay dəstgahı» və s. verilişlər
var idi. Vaqif Səmədoğlunun «Caz aləmində», Mehdi Məmmədovun
«Rampa», Xudu Məmmədovun «Evrika», Kamal Abdullanın «Qoşma»,
Ayaz Salayevin «Retro» Aleksandr Qriç və Intiqam Qasımzadənin
«Bayatı» ədəbi almanaxı kimi verilişlər tamaşaçılar arasında
böyük rəğbət doğurmuşdu.
80-ci
illərdə AzTV-də Idman verilişləri baş redaksiyası yaradıldı.
AzTV-də futbol oyunlarından reportajlar hazırlayan şərhçi
nəsli yetişdi. Onların arasında Çingiz Ismayılov, Aydın
Əliyev, Aqşin Kazımzadə, Ələkbər Abbasov, Nicat Rəhimov
kimi idman jurnalistləri var idi. Bundan başqa, efirə «Şahmat
məktəbi», «Səhər gimnastikası» adlı proqramlar çıxdı. Gimnastika
hərəkətləri tanınmış pianoçular Gülarə Əliyeva və Zaur Rzayevin
ifası ilə müşayiət olunurdu. Zaman ötdükcə AzTV səhər idman
proqramlarını təkmilləşdirdi. Mərkəzi televiziyada olduğu
kimi, studiyaya müxtəlif gimnast qrupları dəvət edilirdi.
Keçən əsrin sonlarında isə hətta aerobika məşğələləri təşkil
olundu. Səhər gimnastikasına maraq bu gün də nəzərə alınır
və «Səhər» proqramında gimnastika hərəkətlərinə həsr olunmuş
ayrıca bölüm həftə ərzində tamaşaçılara təqdim olunur.
Hazırda
Idman redaksiyası «Olimp», «Nokaut», «Miksfayt», Idman icmalı
və digər proqramlarla tamaşaçıların idmana olan marağını
əhatə etməyə çalışır.
«Teleteatr»
1956-cı ilin iyulunda Nəriman Nərimanovun «Şamdan bəy» əsərindən
rejissor Rauf Kazımovskinin ekran quruluşu verdiyi bir neçə
epizod göstərildi. Daha sonra Məhərrəm Əliyevin «Sən gözəlsən»,
Süleyman Sani Axundovun «Laçın yuvası» pyesi və Mehdi Hüseynin
«Səhər» romanı əsasında hazırlanmış tamaşalar təqdim edildi.
1960-cı illərin ortalarında «Şəlalə» televiziya teatrı yaradıldı.
Həmin dövrdə Adil Isgəndərov, Məhərrəm Haşımov, Rauf Kazımovski,
Ağəli Dadaşov, Arif Babayev, Kamil Rüstəmbəyov, Lütvi Məmmədbəyov,
Ağakişi Kazımov, Ismət Səfərəlibəyov, Tahir Tahirov, Kərim
Kərimov kimi rejissorlar ekranda sanballı tamaşalar yaratmaqla
televiziya teatrının inkişafına xidmət göstərdilər.
Bir sıra ekspertlərin televiziya incəsənətinin «Paqanini»si
adlandırdıqları Arif Babayev isə tamaşanı televiziya üslubunda
hazırlayan ilk rejissor sayılır. O, bunun əsasını Konstantin
Paustovskinin povesti üzrə hazırladığı «Qar» teletamaşası
ilə qoydu.
Rauf Kazımovskinin 1975-ci ildə M.F.Axundovun əsəri əsasında
çəkdiyi «Aldanmış kəvakib» tamaşası ictimaiyyət arasında
böyük maraq doğurdu.
70-80-ci illərdə Azərbaycan televiziyasında Bünyad Məmmədov,
Ramiz Həsənoğlu (Mirzəyev), Tariyel Vəliyev və digər rejissorlar
öz fəaliyyətləri ilə diqqəti cəlb etdilər. Ramiz Həsənoğlu
Anarın «Ötən ilin son gecəsi», «Mən, sən, o və telefon»,
«Dindirir əsr bizi», Ruhəngiz Qasımovanın «Yollar kəsişəndə»,
Hüseyn Cavidin «Topal Teymur», Rauf və Zəminə Hacıyevlərin
«Ordan-burdan», Anarın «Evləri köndələn yar», Vaqif Səmədoğlunun
«Yaşıl eynəkli adam» əsərlərinə quruluş verdi. Tariyel Vəliyevin
Aslan Qəhrəmanovun əsərləri əsasında çəkdiyi «Səni axtarıram»,
«Bağışla», «Səndən xəbərsiz» tamaşa serialı cəmiyyətdə maraq
doğurdu.
80-ci illərdə Ilyas Əfəndiyevin «Sən həmişə mənimləsən»,
«Atayevlər ailəsi», Mehdi Hüseynin «Alov», M.Cavaxişvilinin
«Günahsız Abdulla», I.Məlikzadənin «Qatarda», Aleksey Dudarevin
«Astana», M.Süleymanlının «Kökdən düşmüş piano», Karlo Qoldoninin
«Mehmanxana sahibəsi», Aleksey Arbuzovun «Köhnə dəbli komediya»
kimi tamaşalara da ekran həyatı verildi.
1993-cü ildə televiziya teatrının inkişaf etdirilməsi məqsədilə
«Sabah» yaradıcılıq birliyi yaradıldı. Birliyə rejissor
Ramiz Həsənoğlu rəhbər təyin olundu. «Sabah» ilkin olaraq
Cəlil Məmmədquluzadənin «Kamança» pyesinin motivləri əsasında
televiziya tamaşası hazırladı. Daha sonra «Ac həriflər»,
«Anamın kitabı», «Yurd yeri», «6№-li palata», «Məhbus»,
«Şəkilçi», «Bala, başa bəla», «Kral ölür», «Gecə», «Qayalarda
qalan səs», «Yarımştat», «Kleopatra», «Fatehlərin divanı»,
«Nigarançılıq», «Dədə Qorqud», «Yumurta», «Nekroloq», «Dəvətnamə»
kimi populyarlıq qazanan əsərlərə quruluş verildi.
«Azərbaycantelefilm»
Yaradıcılıq Birliyi
Artıq 1958-ci ildən başlayaraq Bakı Televiziyasında çalışan
rejissor və operatorlar sənədli televiziya filmləri çəkməyə
başladılar. 1960-cı ildə kinorejissor Kamil Rüstəmbəyov
Səməd Vurğunun eyniadlı poemasının ssenarisi əsasında «Aygün»
bədii televiziya filminin çəkilişinə başladı. Filmin operatoru
Əlihüseyn Hüseynov, rəssamı Fikrət Əhmədov, bəstəkarı Zakir
Bağırov, səs operatoru Ağahüseyn Kərimov idi. Film ilk dəfə
1961-ci ildə Bakı televiziyasında nümayiş etdirildi. Kamil
Rüstəmbəyov Azərbaycan kino tarixinə ilk bədii televiziya
filminin rejissoru kimi daxil oldu.
1965-ci ildə rejissor Rasim Ismayılov «Danışan işıqlar»
adlı ilk çizgi televiziya filmini çəkdi. Filmin operatoru
Vaqif Behbudov, rəssamı Rafiz Ismayılov, bəstəkarı Ruhəngiz
Qasımova idi.
1968-ci ildə fəaliyyətə başlayan «Ekran» yaradıcılıq birliyi
həmin illərdə bədii, sənədli, portret, çizgi filmlərinin
yaradılmasında mühüm rol oynadı. 1973-cü ildə bu qurumun
adı dəyişdirilərək «Azərbaycantelefilm» Yaradıcılıq Birliyi
oldu.
Daha sonra «Xəzərdə möcüzə», «Üzeyir Hacıbəyov», «Xalq nəğməkarı»,
«Toğrul Nərimanbəyov», «Dənizdə şüa» və s. filmlər yarandı.
Telefilmin ilk dövrlərində yaradıcılıq uğurlarının qazanılmasında
A.Babayev, K.Rüstəmbəyov, R.Kazımovski, N.Həsənov, N.Şıxəliyev,
A.Çeçikov, S.Əliyev, I.Kərimov, A.Qazıyev, E.Ibrahimov kimi
rejissor, ssenarist, kinooperator və səs rejissorlarının
rolu olmuşdur.
Rauf Kazımovski «Bəşir Səfəroğlu» və «Aktrisanın təbəssümü»,
Arif Qazıyev «Toy» etnoqrafiya, F.Əmirov, Q.Qarayev, Z.Xanlarova
haqqında portret, Teymur Bəkirzadə T.Salahov haqqında «Axtarış
həvəsi», Ramiz Axundov «Bu, Səttar Bəhlulzadədir» qısametrajlı,
Nazim Abbasov «Müşfiq» filmlərini lentə aldılar. Daha sonra
«Buxta üzərində günəş», «Abşeron mahnıları», «Bakı arxipelaqı»,
«Həyat romansı», «Şövkətin mahnıları» kimi filmlər yaradıldı.
Rejissor Nazim Rzayevin Xəzərin ekologiyasından bəhs edən
«Insan Xəzəri xilas edir» filmi 1969-cu ildə Klaypeda, 1970-ci
ildə isə Riqada keçirilmiş sənədli televiziya filmləri festivalında
xüsusi mükafatlara layiq görüldü.
1970-ci ildə ümummilli lider Heydər Əliyevin göstərişi ilə
televiziyanın maddi-texniki təchizat bazasını möhkəmləndirmək
məqsədilə kinokompleks inşa olundu. Kinobazanın mövcudluğu
çoxlu sayda sənədli televiziya filmlərinin çəkilişinə şərait
yaratdı.
Müstəqillik dövründə ölkəmizin ekran salnaməsini yaradan
«Işğal», «Qaçqınlar», «Azərbaycan faciəsi» kimi sənədli
filmlər çəkildi. Hər üç filmin rejissoru Nazim Abbas oldu.
Heydər Əliyev, Süleyman Dəmirəl kimi siyasi xadimlərə, Şövkət
Ələkbərova, Xəlil Rza, Cövdət Hacıyev kimi sənətkarlara
həsr olunmuş portret filmlər çəkildi.
2008-ci ilə kimi Birlikdə 800 saat həcmindən çox sənədli
televiziya filmləri istehsal olunub. Müxtəlif janrlarda
hazırlanmış bu televiziya filmlərinin əksəriyyəti kinolentə
çəkilib, qalan hissəsi isə videolentə alınıb. Hacırda televiziyanın
fondunda xalqımızın tarixinə, etnoqrafiyasına, mədəniyyətinə,
incəsənətinə, elm və sənət xadimlərinə həsr olunmuş yüzlərlə
sənədli televiziya filmləri qorunub saxlanılır.
Müstəqilliyə
aparan yol
1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinin başlanması Azərbaycan
televiziyası üçün əsl sınağa çevrildi. Kommunist partiyasının
nəzarəti altında fəaliyyət göstərdiyindən və SSRI daxilində
başlayan münaqişəyə hazır olmadığından Azərbaycan televiziyası
informasiya siyasətini düzgün qura bilmədi. Separatçıların
Xankəndidə keçirdiyi fasiləsiz mitinqlər barədə qısa xəbəri
Azərbaycan televiziyası yalnız 10 gündən sonra – «yuxarı»nın
icazəsi ilə «Qarabağda yaranmış durum» adı altında efirə
verdi. Sov.IKP Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun
və Mərkəzi Komitə üzvlərinin Azərbaycana qarşı tutduqları
ədalətsiz mövqeyə qarşı Bakıda başlayan kütləvi nümayişlər
zamanı da meydandan birbaşa yayıma TV iki gün gec başladı.
Bu isə AzTV rəhbərliyinin Azərbaycan KP MK-nın birinci katibi
Ə.Vəzirovun iradəsinin əleyhinə çıxması nəticəsində mümkün
oldu. Azərbaycan televiziyasının əməkdaşları da xalqla birlikdə
Qorbaçovun antiazərbaycan siyasətinə və Azərbaycanın o zamankı
rəhbərliyinin milli maraqlardan uzaq olan davranışına və
addımlarına qarşı çıxaraq Azərbaycan Konstitusiyasına, beynəlxalq
hüquq normalarına əməl edilməsini, erməni separatçılarının
qanunsuz hərəkətlərinin qarşısının alınmasını tələb edirdi.
Azərbaycan televiziyası ilə çıxış edən siyasi icmalçılar
Kremlin Azərbaycana qarşı apardığı siyasətin mahiyyətini,
respublikamızda yaranmış idarəolunmaz ictimai-siyasi vəziyyəti,
xalqın haqlı tələblər irəli sürdüyünü cəsarətlə dilə gətirirdilər.
Moskvadan gələn emissarların Azərbaycan televiziyası vasitəsilə
Kremlin Bakıya qoşun yeritməyəcəyi və fövqəladə vəziyyət
elan etməyəcəyi barədə vədlərinə baxmayaraq, 1990-cı il
yanvarın 19-da saat 19:26-da Azərbaycan televiziyasının
enerji bloku partladıldı.
Azərbaycan televiziyasının yayımını yalnız yanvarın 28-də
bərpa etmək mümkün oldu. Qara kostyumda və qalstuksuz efirə
çıxan diktor Rafiq Hüseynov 131 dinc oğlu və qızı sovet
ordusu tərəfindən qətlə yetirilən xalqımıza başsağlığı verdi.
Lakin televiziyamız hərbçilərin nəzarəti altında fəaliyyət
göstərdiyi üçün efirə yalnız hərbi senzorun «qayçı»ladığı
məlumatlar, veriliş və proqramlar gedirdi. Bu cür vəziyyət
1991-ci ilin sentyabrına qədər davam etdi. Moskvada baş
verən QKÇP-dən sonra isə Kremlin Azərbaycana təyin etdirdiyi
prezident Ayaz Mütəllibov sovet ordusunun dəstəyindən məhrum
oldu və postsovet məkanında respublikaların müstəqil dövlətə
çevrilməsi qarşısıalınmaz proses halı aldı.
1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini
elan etdi. Azərbaycan televiziyası əyalət telekanalından
müstəqil dövlətin əsas televiziyasına çevrildi.
Müstəqilliyin çətin yollarında Azərbaycan Televiziyası da
itkiyə məruz qaldı. 1991-ci il noyabrın 20-də Qarabağın
Qarakənd kəndi yaxınlığında Azərbaycan rəsmilərinin içərisində
olduğu vertolyot partladılarkən Azərbaycan televiziyasının
jurnalisti Alı Mustafayev, operatoru Fəxrəddin Şahbazov
və 19 yaşlı işıqçısı Arif Hüseynzadə də həlak oldular. Daha
sonra ilk addımlarını Azərbaycan televiziyasında atan reportyor
Çingiz Mustafayev cəbhə bölgəsində aldığı güllədən dünyasnı
dəyişdi.
1991-ci ilin sonlarında telekanalda Rusiya teleməkanında
gedən proseslərin təsiri altında islahatlar aparıldı: redaksiyaları
studiyalar, diktorları isə aparıcılar əvəz etdi; «24 saat»
Informasiya proqramının məzmun və formasında dəyişikliklər
edildi; «1000 saniyə» adlı gecə informasiya proqramı, «215
KL təqdim edir», «Xoş gördük», «Qulp» və sair verilişlər
efirə çıxdı.
1992-ci ilin əvvəlindən ölkədə ictimai-siyasi vəziyyətin
ağırlaşması, Dağlıq Qarabağda və ətraf rayonlarda hərbi
əməliyyatların miqyasının genişləndirilməsi, Rusiya hərbçilərinin
bilavasitə iştirakı ilə Xocalı soyqırımının törədilməsi,
Şuşanın işğalı, Laçının gözlənilən işğalı, 1992-ci il mayın
15-də Mütəllibovun AXC hakimiyyəti ilə əvəzlənməsi AzTV
daxilində gedən proseslərə də öz təsirini göstərdi. Təkcə
onu demək kifayətdir ki, 1991-ci ilin sonundan 1992-ci il
mayın sonuna qədər olan müddətdə AzTV-də 4 sədr dəyişdirilmişdi.
Bu dövrdə müxtəlif siyasi qüvvələrin tələbi ilə efir vaxtı
istənilən an dayandırılır və bəyanatlar verilirdi. 1993-cü
il martın sonunda televiziyada baş nazir Pənah Hüseynovla
AMIP təmsilçilərinin debatı zamanı Daxili işlər naziri Isgəndər
Həmidovun birbaşa efirə gələrək müxalifət nümayəndələrini
və televiziya əməkdaşlarını təhqir etdi. Bu hadisə ictimaiyyətin
böyük narazılığına səbəb oldu. 1992–1993-cü illərdə hərbi-vətənpərvərlik
ideyalarına, eləcə də milli dəyərlərə bəsit yanaşma tərzi
televiziyanın nüfuzunun getdikcə aşağı düşməsinə gətirib
çıxardı.
1993-cü il iyunun 4-də Gəncədə cərəyan edən hadisələr zamanı
əhalinin düzgün məlumatlandırılması baxımından televiziya
çox mühüm rol oynadı. Məlum hadisələr zamanı Bakıya dəvət
olunmuş Heydər Əliyev müsahibələrinin, bəyanatlarının, Milli
Məclisin iclaslarının canlı yayımına üstünlük verdi. «Talış–Muğan
Respublikası» separatizmi, 1994-ci il oktyabr, 1995-ci il
mart hadisələri zamanı da Heydər Əliyev Azərbaycan televiziyası
vasitəsilə ictimaiyyətlə birbaşa ünsiyyət qurdu. Bu böyük
siyasətçi dövlətimizə qarşı məkrli plan hazırlayanların
bütün əməllərinin necə məharətlə alt-üst edildiyini bütün
ictimaiyyətə nümayiş etdirirdi. 1994-cü il oktyabrın 4-də
Heydər Əliyevin televiziya ilə xalqa müraciət etməsi nəticəsində
yüzlərlə insan, o cümlədən müxalifətçilər də Prezident Aparatının
qarşısına yığışaraq ölkə prezidentinin siyasi kursunu müdafiə
etdiklərini birmənalı şəkildə bəyan etdilər. Ictimaiyyət
Surət Hüseynovun dövlət çevrilişinə cəhdinə etirazını bildirərək,
müstəqil dövlətdə, sabitlik və demokratiya şəraitində yaşamağa
üstünlük verdiklərini nümayiş etdirdilər. Bu mitinq bütün
gecə ərzində Azərbaycan televiziyası ilə canlı olaraq yayıldı.
Ertəsi gün Azərbaycan televiziyasının səyyar kameraları
Azadlıq meydanında davam edən mitinqi bütün ölkəyə yayımladı.
Ölkədə sabitlik möhkəmləndikcə, televiziyada yeni verilişlər
yaradılmağa başlandı: «Postskriptum», «Bura Vətəndir», «Milli
qəhrəmanlarımız», «Bakı studiyası təqdim edir», «Həyat»,
«Gizli və aşkar», «TV kuryer», «Məmləkətim», «Avtoqraf»
və s.
2006-cı ildə ölkə başçısının fərmanı ilə Azərbaycan televiziyasının
rəhbərliyində dəyişiklik edilməsi televiziyanın həyatında
mühüm mərhələnin başlanmasına təkan verdi. Ekranda dəyişiklik
öncə «Xəbərlər», «Günün nəbzi» və «Həftə» analitik-informasiya
proqramlarında özünü göstərdi. Azərbaycan televiziyasının
xarici ölkələrdəki müxbir məntəqələrinin sayı artırıldı.
Hazırda onlar Türkiyə, Rusiya, Ukrayna, Iran, Kanada, Özbəkistan
və Qazaxıstanda fəaliyyət göstərirlər.
2007-ci il isə Azərbaycan televiziyası üçün yeniliklər ili
oldu: ciddi kadr islahatları aparıldı, yeni proqramlar,
verilişlər, tamaşalar meydana gəldi, gənc aparıcı və reportyorlar
müsabiqə yolu ilə işə cəlb edildilər, planlı şəkildə efirə
və kanalın infrastrukturuna kapital qoyuluşu həyata keçirilməkdədir.
AzTV yenidən Azərbaycan teleməkanında ən peşəkar televiziya
olmağa və televiziya dəbinin qanunvericisinə çevrilməyə
çalışır.
Hazırda Azərbaycan televiziyasında rəngarəng mövzularda
tok-şoular, portret verilişləri, musiqili-əyləncəli proqramlar,
televiziya tamaşaları, sənədli filmlər nümayiş etdirilir.
Tamaşaçıların rəğbətini qazanan verilişlər sırasında «Şəxsən
siz», «Zamanla üz-üzə», «Birincilər», «Xəbər var», «Sələflər,
xələflər», «Tərəf müqabili», «Etimad», «Avtoqraf», «Sözün
sirri», «Benefis», «Muğam dünyamız», «Intellekt», «Kinoklub»,
«Olimp», «Kinoştrix», «Məclisi-üns», «Gülməşəkər», «Amfiteatr»,
«Karvan» «Azərbaycan Respublikasına xidmət edirəm!» və digərlərini
göstərmək olar.
Azərbaycan televiziyasının Heydər Əliyev Fondunun dəstəyilə,
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında
keçirdiyi «Muğam müsabiqəsi-2007» isə nəinki Azərbaycanda,
hətta ölkəmizdən kənarda yaşayan soydaşlarımızın dərin rəğbətini
qazandı.
Nailiyyətlər
Azərbaycan teleradiosuna
peşəkar televiziyaçılardan və menecerlərdən ibarət komanda
rəhbərlik edir. Təsadüfi deyil ki, Azərbaycan televiziya
və radiosunun yarıməsrlik yubileyi ərəfəsində bir çox telejurnalistimiz
və rejissorumuz müxtəlif dövlət mükafatlarına - fəxri adlara,
orden və medallara layiq görüldülər.
Yalnız 2006–2007-ci illərdə göstərdiyi fəaliyyətə görə Azərbaycan
televiziyası müxtəlif dövlət strukturlarının, ictimai təşkilatların
mükafat və diplomlarına layiq görülüb.
Türkiyənin Yıldırım bələdiyyəsinin təşkil etdiyi Aşıqlar
bayramının, Uluslararası Yunus Əmrə kültür və sənət həftəsinin
işıqlandırılmasına, Türkiyə-Azərbaycan münasibətləri çərçivəsində
Iqdır vilayətinin inkişafı ilə bağlı «Gələcəyə aparan yol»
sənədli filminin ərsəyə gəlməsində əhəmiyyətli xidmətlərinə
görə AzTV Yıldırım və Iqdır bələdiyyələrinin, Əskişəhər
valiliyinin rəsmi təşəkkürünü qazanıb.
Teleməkanda
yerimiz
Qürurla demək olar ki, Azərbaycan televiziyası ölkə teleməkanının
formalaşmasında böyük rol oynayıb. Televiziya məkanımızın
BIRINCISININ izi müstəqillik dövründə yaradılan bütün telekanalların
fəaliyyətində özünü qabarıq şəkildə göstərib.
1991-ci ildə məhz Azərbaycan televiziyası rəhbərliyinin
təşəbbüsü ilə ölkə teleməkanında ilk özəl studiya kimi tarixə
düşən «215 KL» adlı qrup fəaliyyətə başladı. Həmin studiya
Azərbaycan televiziyasının tərkibində və onun daxili vəsaiti
hesabına yaradılmışdı.
Hazırda özəl kanallardan biri sayılan ANS də Nazirlər Sovetinin
qərarı ilə məhz Azərbaycan televiziyasının binasında müstəqil
studiya kimi fəaliyyətə başladı. 1992-ci ilin martında bu
studiyanın ilk proqramı olan «Xəbərçi» Azərbaycan televiziyasının
proqramları tərkibində efirə çıxdı. Yalnız 1994-cü ilin
mayında ANS müstəqil kanala çevrildi.
Sonrakı illərdə Azərbaycan televiziya və radiosunda yetişən
peşəkar televiziyaçılar «Lider», «Speys», ITV kanallarının
yaradılması prosesində yaxından iştirak etmişlər. Azərbaycan
televiziyası elə bir məktəbdir ki, bu gün onun hətta təqaüdə
çıxmış kadrları da bir sıra özəl kanallar tərəfindən işə
cəlb olunurlar. |