Xalqımız əziz bayramı Novruzu qarşılayır
Xalqımız əziz bayramı Novruzu qarşılayır. Qeyd edək ki, Bahar Azərbaycana martın 20-dən 21-nə keçən gecə, saat 03.21 dəqiqədə qədəm qoyacaq və həmin dəqiqədə gecə-gündüz bərabərliyi qeydə alınacaq. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Martın 20-si axşam bayram axşamı hesab olunur.
Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran bir el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, şifahi xalq ədəbiyyatını, milli varlığımızı Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram düşünmək çətindir....
Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha uca tutulur. Xalqın böyüklüyü ondadır ki, heç bir qadağa Novruzu ona unutdura bilməyib, o, ən çətin zamanlarda belə öz bayramı qoruyub, yaşadıb, ənənə və dəyərləri, milli adət-ənənələri unutmayıb, onları sabaha ötürə bilib....
Hələ sovet hakimiyyəti illərində Azərbaycan KP MK-nın Birinci katibi olan Heydər Əliyev milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşırdı. “Novruzun o qədər dərin kökləri var, o, xalqımızın qəlbində o qədər yerləşib ki, onu heç bir siyasi sistem xalqın əlindən ala bilməz” deyən Heydər Əliyevin müdrikliyi Novruzu da qorudu. Azərbaycan müstəqilliyini qazanandan sonra xalq müqəddəs adətlərin, milli duyğuların, xeyirxahlığın, insana, təbiətə məhəbbətin tərənnümçüsü olan Novruzu daha böyük təntənə ilə qeyd etməyə başladı. Novruz çətinliklərdən ötərək öz haqqına qovuşdu. Novruza ümumxalq mahiyyəti verən Heydər Əliyev bayramlarda xalqla birgə olur, insanları təbrik edir, ona milli birlik və həmrəylik tövsiyə edirdi. Novruzu xalqımızın əziz bayramı kimi səciyyələndirən Heydər Əliyev bu xidməti ilə də xalqın qədim adət-ənənələrinə son dərəcə bağlılığını göstərdi...
Təbiətlə əlaqədar olan bu gözəl bayramımızın indi dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramdır. Bu, keçmişimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran Prezident İlham Əliyevin bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti də sübut edir.
“Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğular oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır” deyən Prezident İlham Əliyev onun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu da qeyd edir.
Xalqımız Novruzu artıq daha böyük təntənə ilə bayram edir. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı da artıq YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Assambleyası 21 mart tarixini Beynəlxalq Novruz Günü elan edib. Bu layihə Azərbaycan dövlətinin təşəbbüsü ilə həyata keçirilib.
...İndi Azərbaycan Novruzu yeni siması ilə qarşılayır. Paytaxtımızın və bölgələrimizin abadlaşması istiqamətində görülən irimiqyaslı işlər təbiətin yeniləşməsi ilə həmahənglik təşkil edir. Hər tərəfdə gedən abadlıq-quruculuq işləri Azərbaycanın əsl yüksəliş, tərəqqi yolunda olduğunu bir daha təsdiqləyir. Bu işlərin qədimliyi, tarixiliyi qorumaq, müasir standartları tətbiq etməklə aparılması ölkədə tarixi keçmişimizə diqqətdən xəbər verir. Dövlətin iqtisadi və sosial siyasətinin insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəlməsi isə sabaha inamı artırır...
Bu ilki Novruz Bayramının bir sıra özəllikləri də var. Əvvəla, bu Novruz Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsinin 20-ci illiyi ilə üst-üstə düşür. Daha bir özəllik isə odur ki, bu bayram günlərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə 2-ci Beynəlxalq Muğam Festivalı keçirilir...


English
Русский




Bütün xəbərlər