Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri Novruz şənliklərində iştirak ediblər
Bu gün Azərbaycan xalqının ən əziz bayramlarından olan Novruz bayramıdır. Paytaxtımız Bakıda keçirilən Novruz şənliklərinə Qız qalası qarşısında start verilib, bayram münasibətilə ümumxalq şənliyi təşkil olunub. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri Novruz şənliklərində iştirak ediblər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva hər il olduğu kimi, bu il də Novruz bayramını xalqımızla birlikdə qeyd ediblər. Dünyanın yaranışını ilk yaz günü ilə bağlayan xalqımız əsrlər boyu Novruz bayramını əziz tutub. Novruz - baharın gəlişi, təbiətin canlanması, torpağın oyanması ilə bağlıdır. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər üzərində qurulub. Hər il olduğu kimi, bu il də Azərbaycanda Novruz bayramı təntənə ilə qeyd olunur. Bu da xalqımızın bayram sevincinə daha bir ovqat qatır. Ulu Dədə Qorqud Novruz bayramı münasibətilə öz xeyir-duasını verib. Prezident İlham Əliyev bayram tonqalını alışdırıb. Dövlət başçısı bayram münasibətilə xalqımızı təbrik edib hər bir Azərbaycan vətəndaşına xoşbəxtlik və cansağlığı arzulayıb. Prezident İlham Əliyev artıq 20 ildir ki, Novruzun dövlət bayramı kimi qeyd edildiyini deyib.
Bu il müstəqilliyimizin bərpasının 20 illiyinin qeyd edildiyini deyən Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan sözün əsl mənasında müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tapıb. Azərbaycan regionda sabitlik və inkişaf nümunəsinə çevrilib, təşəbbüslərimiz ölkəni gücləndirir, bölgədəki proseslərə müsbət təsir edir. Prezident İlham Əliyev vurğulayıb ki, “Azərbaycanda hüquqi dövlətin yaradılması istiqamətində önəmli addımlar atılıb, islahatlar aparılıb və islahatlar bu gün də davam etdirilir. Dövlət başçısı ölkə qarşısında duran bütün məsələlərin həllində əldə olunan uğurlardan danışıb, bununla yanaşı xoşagəlməz hallara qarşı ciddi mübarizənin aparıldığını, bu mübarizənin öz bəhrəsini verdiyini dedi. Ölkə prezidenti əlavə edib ki, Azərbaycan son illər əsl intibah dövrünü yaşayır. Ancaq əldə edilən uğurlarla kifayətlənməməliyik. Bu uğurlar gələcək addımların atılması üçün stimul olmalıdır. Prezident İlham Əliyev xalqla iqtidar arasında birliyin olduğunu vurğulayıb və bildirib ki, əks təqdirdə ölkə inkişafa nail ola bilinməzdi. “Biz gələcəyi açıq- aydın görürük. Aparılan və aparılacaq islahatların xüsusi əhəmiyyəti var”, - söyləyən dövlət başçısı Azərbaycanın bu gün regionda iqtisadi cəhətdən aparıcı dövlət olduğunu , və bundan sonra da regiondakı rolumuzun getdikcə artacağını bildirib. Dövlət başçısı ölkədə aparılan bütün işlərin öz bəhrəsini verdiyini, qaşıda duran vəzifələrin uğurla icra edildiyini, paytaxtımızla yanaşı regionlarımızın da abadlaşdığını və gözəlləşdiyini, regionların iqtisadi inkişafı proqramının uğurla həllini tapdığını söyləyib. Prezident İlham Əliyev qeyd etdi ki, ölkə qarşısında duran vəzifələrdən ən başlıcası –Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir.
Dövlət başçısı vurğulayıb ki, Ermənistan tərəfi beynəlxalq təşkilatların qətnamələrini qeyd şərtsiz icra edib, işğal edilən torpaqlardan çıxmalıdır. Və məhz bundan sonra bölgədə sülh, sabitlik yarana bilər. Prezident İlham Əliyev məsələnin öz həllini tapacağına, ərazi bütövlüyümüzün bərpa ediləcəyinə əminliyini bildirib. “Biz gələcəyə çox böyük ümidlə və nikbinliklə baxırıq. Elə etməliyik kİ, ölkəmiz daha da güclü və qüdrətli olsun”, - deyən dövlət başçısı bizim üçün ən böyük sərvət və dəyərin müstəqillik olduğunu vurğulayıb. Bu gün müstəqil ölkə kimi aparılan siyasət Azərbaycan xalqının maraqlarına cavab verir. Prezident İlham Əliyev bu əziz gündə bir daha Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi, yeni uğurlar arzulayıb.
Sonra Novruz şənlikləri Dənizkənarı Milli parkda davam etdirildi. Novruz bayramının əsas qəhrəmanları olan Keçəl və kosanın çıxışı bayram şənliyinə xüsusi rəng qatıb.
**
Azərbaycanın müxtəlif bölgələrindən gələn özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının çıxışları maraqla qarşılanıb.
**
Milli parkda təşkil edilən Şərq bazarı Bayramı şənliyinə xüsusi maraq qatıb. Burada ölkəmizin müxtəlif bölgələrindən gələn insanlar hazırladıqları sənətkarlıq nümunələrini təqdim edirdilər.
**
Novruz xalqımızın tarixi yaddaşından süzülüb gələn ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan bayramdır. Elə bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində həyata keçirilən siyasət milli-mənəvi dəyərlərimiz kimi, Novruzu da Azərbaycan xalqının şüurundan silə bilmədi. Hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasında və inkişafında tarixi şəxsiyyətlərin də üzərinə böyük vəzifələr düşür. Novruzun yenidən xalqımıza qaytarılması və ümummilli bayram kimi qeyd olunmasında Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri var . Məhz Heydər Əliyevin sayəsində ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi qeyd olunmağa başladı. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə Novruz təntənələri xalqımızın həyatına birdəfəlik qayıtdı . Bu gün Prezident İlham Əliyev də mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşır. Novruzun gəlişi ilə bağlı dövlət başçısının hər il xalqa ünvanladığı təbriklər də onun milli-mənəvi dəyərlərimizə böyük ehtiramla yanaşdığını göstərir. Milli-mənəvi dəyərlərimizin yaşadılmasında, mədəniyyətimizin inkişafı və təbliğində Heydər Əliyev Fondu və qurumun prezidenti Mehriban Əliyevanın da böyük xidmətləri var.
**
Bayram münasibətilə Milli parkda düzənlənən Şərq bazarında Azərbaycanın bütün bölgələri və həmin bölgələrdə istehsal olunan ərzaq məhsulları təqdim edildi. Bu sərgi bir daha təsdiqləyir ki, Azərbaycan Prezidentinin ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı verdiyi tapşırıqlar uğurla icra olunur.
**
Ulu babalarımızın bugünkü nəslə yadigar qoyub getdiyi qədim el sənətlərinin nümayiş olunduğu mərasimdə həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim edilirdi. **
Bu gün Azərbaycanın hər bir yerində abadlıq və quruculuq işlərinin aparılması ölkəmizdə yürüdülən siyasətin mühüm hədəflərindəndir. Ölkədə xalqın rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən sosial yönümlü tədbirlər Azərbaycanın malik olduğu qüdrətin nümayişi baxımından da önəmlidir. Bu dövrdə paytaxtımız da inkişaf edib, regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm irəliləyişlərə nail olunub. Əldə olunan bu uğurlar Azərbaycanı iqtisadi inkişafına görə dünyanın lider dövlətinə çevirib. İndi ölkədə həyata keçirilən nəhəng infrastruktur layihələri bir reallığı da ortaya qoyur ki, bu illər ərzində qazanılan nailiyyətlər Azərbaycanın potenasialını tam üzə çıxarmaqla yanaşı, ölkəmizin gələcəyinə hesablanan addımların da düzgün istiqamətdə atıldığını təsdiqləyir. Beləliklə, ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə başladığı illərdən təməli qoyulan uğurlar müstəqil ölkəmizin xoşbəxt sabahına aparan yolları daha möhkəm və etibarlı edib.
***
Xalqımız özünün milli və tarixi ənənəsinə çevrilən Novruzu həmişə olduğu kimi, bu il də böyük sevinclə qarşılayır. Yazın gəlişi, təbiətin, oyanışı, gecə ilə gündüzün bərabərləşdiyi bir günlə bağlı olan bu bayram Azərbaycan xalqının milli düşüncəsi və milli ruhunu özündə əks etdirir. Novruz xalqın milli təfəkkür tərzi, onun həyat və məişəti, adət və ənənələrini özündə yaşadan əsil el mərasimidir. Odur ki, xalqımız durduqca Novruz adət-ənənələri, onun yaratdığı mədəni sərvətlər də bizimlə olacaq. Çünki Novruz bayramı dərin milli köklərə, zəngin adət-ənənələrə malik olmaqla xalqımızın ictimai və mənəvi həyatında əhəmiyyətli hadisədir. Novruz həm də xalqımızın milli həmrəyliyinin rəmzidir.
**
2010-cu ildə BMT-nin qərarı ilə martın 20-si beynəlxalq Novruz günü elan olundu. Bu, böyük bir coğrafi məkanda yaşayan 200 milyondan çox insanın milli-mənəvi yaddaşına dünyanın ən mötəbər qurumu səviyyəsində verilən dəyərin təzahürü idi. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə ümidlərindən xəbər verib. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.
**
Novruz bayramlarımızın ən əzizidir. Qədim zamanlardan bəri bu bayramı ən çox sevən və ən uca tutan da elə Azərbaycan xalqıdır. Bayramımız mübarək!
**
.


English
Русский




Bütün xəbərlər