Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni aerovağzal kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib
Martın 17-də Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni aerovağzal kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib. Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Hava Limanına gəlib. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Cahangir Əsgərov dövlət başçısına yeni aerovağzal kompleksinin layihəsi barədə məlumat verib. O qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd sərnişin və yükdaşımaları ilə bağlı xidmətin səviyyəsinin daha da yüksəldilməsi, eləcə də, təyyarə uçuşlarının təhlükəsizliyinin dünya standartlarına uyğunlaşdırılmasıdır. Yeni layihə həyata keçirildikdən sonra ildə 3 milyon sərnişinə xidmət göstəriləcək. Ən müasir standartlara cavab verəcək aerovağzal kompleksinin sahəsi 58 min kvadratmetr təşkil edəcək. Aerovağzalın binası 4 mərtəbəli üçbucaq formasında olacaq. Yeni aerovağzal istifadəyə verildikdən sonra buradan beynəlxalq reyslər yerinə yetiriləcək. Mövcud terminaldan isə yerli aviareyslər həyata keçiriləcək. Burada beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklər tətbiq ediləcək. Yeni aerovağzal müasir görünüşü ilə də diqqəti cəlb edəcək. Sərnişinlərə xidmət isə ən maksimum tələblər səviyyəsində olacaq. Ən son avadanlıqların tətbiqi uçuşların təhlükəsizliyinə hərtərəfli imkan yaradacaq. Aerovağzal binasının ərazisində eyni vaxtda 8 təyyarəni qəbul edə biləcək teleskopik traplar quraşdırılacaq. Yeni aerovağzalın tikintisi ilə yanaşı mövcud aerovağzal da tam müasirləşdiriləcək. Yeni Uçuşları İdarəetmə Mərkəzinin binası 5 mərtəbəli olacaq. Burada ən son texnologiyalara əsaslanan meteoroloji radar sistemləri quraşdırılacaq. Heydər Əliyev Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının uzunluğu 4000 metr, eni 75 metr olacaq. Perron və yönəldici yollar da yenidən qurulacaq. Prezident İlham Əliyevə bildirildi ki, bundan başqa respublikamızın mülki aviasiyasının kompleks inkişafı çərçivəsində Qəbələ Beynəlxalq Hava Limanın tikintisinin bu ilin payızında tamamlanması nəzərdə tutulub. Yeni aerovağzalın layihəsi ilə tanış olan Prezident İlham Əliyev bu obyektin təməlini qoyub. Dövlət başçısı “Azərbaycan Hava Yollar” QSC-nin əməkdaşları və inşaatçılar qarşısında çıxış edib. Prezident İlham Əliyev tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirdi. Dövlət başçısı inşaatçılara və “AZAL”-ın kollektivinə uğurlar arzulayıb.


English
Русский




Bütün xəbərlər