Yaponiyada radiasiya təhlükəsinin qarşısını almaq üçün tədbirlər davam edir
Yaponiyanın Fukusima-1 atom stansiyasında partlayışlardan sonra radiasiya təhlükəsi artmaqda davam edir. Martın 11-də baş verən zəlzələ və sunami nəticəsində həlak olanların sayı da artıb. Son rəsmi məlumatlara görə, təbii fəlakət 4314 nəfərin həyatına son qoyub. 13 min insanın itkin düşdüyü, 2285 nəfərin isə yaralandığı bildirilir. Honsü adası sahillərində isə yenidən 5,7 bal gücündə zəlzələ baş verib.
Yaponiyanın Honsü adası sahillərində Rixter cədvəli ilə 5,7 bal gücündə yeni yeraltı təkan qeydə alınıb. Bundan əvvəl də gücü 5 və daha çox olan dörd zəlzələ baş verib. Hökumətin məlumatına görə isə, martın 11-də təbii fəlakət nəticəsində həlak olanların sayı artmaqdadır. Axtarışlar nəticəsində cəsədlərin tapıldığı bildirilir. Havanın qarlı və şaxtalı olması isə vəziyyəti daha da gərginləşdirib. Bölgədə ərzaq və yanacaq çatışmazlığı yaranıb. Bu arada “Fukusima-1” atom elektrik stansiyasının 3-cü enerji blokunda reaktorların soyudulmasını davam etdirir. Yaponiya özünümüdafiə qüvvələrinin helikopterləri enerji blokuna havadan su səpirlər. Yaponiyanın müdafiə naziri Tosimi Kitadzava bildirib ki, reaktorun hissələrini soyutmaq üçün 11 xüsusi su vuran maşın da ayrılıb. Atom elektrik stansiyasından 90 metr hündürlükdə radiasiya fonu saatda 87,4 millizivert təşkil edir. 300 metr hündürlükdə isə bu göstərici saatda 4,13 millizivertə bərabərdir. Atom elektrik stansiyasındakı vəziyyəti düzgün qiymətləndirmək üçün Amerika Birləşmiş Ştatlarının pilotsuz təyyarəsindən də istifadə olunur. Xarici mütəxəssislər hələlik qəza baş verən stansiyadakı vəziyyətlə bağlı dəqiq fikir bildirmirlər. Atom enerjisi üzrə beynəlxalq agentliyin rəhbəri Yukiya Amano vəziyyətin elə də acınacaqlı olmadığını deyib.


English
Русский




Bütün xəbərlər