Bakı vaxtı : 
Canlı yayım
Cəmiyyət

Strasburqda keçirilən “Azərbaycan 20 - baxış 2020” forumunun AŞPA-da rəsmi açılışı olub

Strasburqda Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Forumunun təşkilatçılığı və Azərbaycan hökumətinin dəstəyi ilə “AZƏRBAYCAN 20 - BAXIŞ 2020” adlı illik beynəlxalq forum davam edir. Martın 11-i günün ikinci yarısında Avropa Şurasını Parlament Assambleyasında forumun rəsmi açılış mərasimi keçirilib. Tədbirdə xaricdə təhsil alan və məzun olmuş gənclərlə yanaşı, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, səfirlər və AŞPA-nın rəsmi şəxsləri iştirak ediblər.

Avropa Şurasının mənzil-qərargahında ilk dəfə belə bir beynəlxalq forumun keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirən gənclər və idman naziri Azad Rəhimov tədbirin ölkəmizin müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümü ərəfəsində keçirilməsinin əhəmiyyətindən danışdı. Bu gün xaricdə təhsil alan gənclərimizə dövlətimiz tərəfindən xüsusi diqqət göstərildiyini deyən nazir forumun Strasburqda keçirilməsini ölkəmizin beynəlxalq əlaqələrinin məntiqi mərhələsi adlandırdı. Dövlət müstəqilliyinin qorunub saxlanılmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyərək hər bir gəncin bunu daim diqqətdə saxlamasının vacibliyini vurğulayıb. Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndəsi səfir Dəriyal Batıbey azərbaycanlı gənclərin forumunun Strasburqda keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Avropa Şurası Gənclər idman və mədəniyyət komitəsinin sədri Qabriella Batoni Draqoni bildirib ki, azərbaycanlı gənclərin Avropanın müxtəlif ali təhsil ocaqlarında oxuması ölkəmizdə təhsilə göstərilən diqqət və qayğının əlaməti olmaqla yanaşı, gələcəyə hesablanan ən real addımlardandır. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da müstəqilliyin yenidən bərpasından keçən 20 il ərzində xaricdə təhsillə bağlı bu cür mühüm nailiyyətlərin əldə olunmasını yüksək qiymətləndirib. Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə deyib ki, azərbaycan gənclərinin Qərbin ən aparıcı ali təhsil ocaqlarında təhsil almalarını ölkəmizin son 20 ildə iqtisadi, sosial və mədəni sahədə qazandığı uğurların ən əhəməiyyətlisi adlandırıb. Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov da diqqəti Azərbaycanda neft gəlirlərinin insan kapitalına yönəlməsinə çəkib. Təhsil nazirinin müavini Elmar Qasımov Strasburq şəhərində belə bir tədbirin keçirilməsini Azərbaycan gəncliyini böyük qələbəsi adlandırıb. Prezident yanında dövlət qulluğu məsələləri üzrə dövlət komitəsinin sədri Bəhram Xəlilov xaricdə təhsil alan gənclərə ölkəmizdə böyük ehtiyac olduğunu diqqətə çatdırıb. Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov Prezident İlham Əlieyin təşəbbüsü ilə təşkil olunan forumun Azərbaycanın Avropa Şurasına üzvlüyünün 10 illiyi ilə bir vaxta düşdüyünü xatırladaraq bu gün gənclərimizin ölkə gedən siyasi proseslərdə yaxından iştirak etdiyini bildirib. Türk PA-nın baş katibi Ramil Həsənov da çıxışında deyib ki, gənclərimiz dövlətin onlar üçün yaratdığı imkanlardan maksimum istifadə etməlidirlər. Sonra Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının İdarə Heyətinin üzvü Emin Hacıyev təşkilatının sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xarici ölkələrdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin forumunun iştirakçılarına təbrik məktubunu oxuyub. Məktubda “Müxtəlif ölkələrdə təhsil alıb vətənə dönmək, onun daha da inkişaf etməsi, dünyanın qabaqcıl texnologiyasının həyatın bütün sahələrində tətbiq edilməsi, müstəqil dövlətimizin daimi olmasının gələcək də təmin edilməsi biz gənclərin üzərinə böyük vəzifələr qoyur” deyən Leyla Əliyeva Azərbaycanın maraqları çərçivəsində birgə və çevik hərəkət etməyin əsas hədəf olduğunu bildirib. Sonra Emin Hacıyev Rusiya Azərbaycanlı Gənclər Təşkilatınn fəaliyyətinə həsr olunan təqdimatla çıxış edib. Birləşmş Ştatlarda fəaliyyət göstərən Qarabağ Fondunun nümayəndəsi Tural Kərimli təşkilatın Azərbaycanla, onun ayrılmaz hissəsi Qarabağla bağlı reallıqların Amerika ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərdən danışıb. Daha sonra  Birləşmiş Ştatlarda yaşayan rejissor Cem Oğuzun çəkdiyi “Qaçqın: Anar Usubovun uzun səyahəti” filminin təqdimatı olub. Forum iştirakçıları mötəbər tədbirin əhəmiyyətindən, onun Azərbaycan gənclərinin birgə fəaliyyətinə verdiyi töhfələrdən danışıblar.

Sonra forum işini müxtəlif mövzulara həsr olunan müzakirələrlə davam etdirib.