Politics

Kot Divuarda silahlı qarşıdurma səngiməyə başlayır

05-04-2011 | 21:35        

  


Kot Divuarın iqtisadi paytaxtı sayılan Abicanda fəaliyyətdə olan prezident Loran Qbaqbo və ölkə rəhbəri vəzifəsinə yeni seçilən dünya birliyi tərəfindən tanınan Alassan Uattara tərəfdarları arasında silahlı qarşıdurma səngiməyə başlayıb. Haaqa məhkəməsi isə Loran Qbaqbonun fəaliyyəti dövründə baş verən insanlığa qarşı cinayətlərə görə rəsmi təhqiqata başlayacaq.

Kot Divuarın iqtisadi paytaxtı sayılan Abicanda silahlı qarşıdurmalar səngisə də, fəaliyyətdə olan prezident Loran Qbaqbo və ölkə rəhbəri vəzifəsinə yeni seçilən Alassan Uattara tərəfdarları arasında kiçik toqquşmalar davam edir. Bu arada isə Loran Qbaqbo Fransa və Amerika Birləşmiş Ştatlarının vəzifəsindən getmə çağırışına rəsmi formada rədd cavabı verib. Hazırda onun yaxınları və ailə üzvləri ilə birgə prezident iqamətgahındakı yeraltı bunkerdə qaldığı bildirilir. Bundan əvvəl isə BMT-nin hərbi vertolyotları bu əraziyə 50-dən artıq raket zərbəsi endirib. Aviazərbələr nəticəsində prezident iqamətgahının yaxınlığında yerləşən Cənubi Afrika səfirliyinə ziyan dəyib. Səfirliyin  əməkdaşları təhlükəsiz ərazilərə evakuasiya olunublar. Afrika birliyi isə öz növbəsində Kot Divuarın qərbində yüzlərlə mülki şəxsin qətlə yetirilməsi faktını pisləyib və Duekue rayonundakı hadisə ilə bağlı müstəqil təhqiqat aparılmasının vacibliyi vurğulanıb. Hazırda dünya birliyi tərəfindən tanınmayan Loran Qbaqbo təslim olmağa hazır olduğunu bildirib. Lakin vəzifəsindən getməsi barədə BMT nümayəndələri ilə danışıqların nəticələri hələ məlum deyil. Bu arada isə Haaqa beynəlxalq məhkəməsindən Loran Qbaqbonun hakimiyyəti dövründə insanlığa qarşı Kot Divuarın edilən cinayətlərlə bağlı müstəqil təhqiqatın başlanacağı barədə məlumat yayılıb.