Xarici xəbərlər

Güclü qar və daşqınlar bəzi ölkələrdə ciddi fəsadlar yaradıb

13-01-2011 | 15:07        

  

Amerika Birləşmiş Ştatlarında soyuq və qarlı hava şəraiti davam edir. Avstraliya və Braziliyada isə daşqınlar ciddi dağıntılara səbəb olub. Amerika Birləşmiş Ştatlarının cənub-şərqində hökm sürən soyuq hava kütləsi tədricən şimal ərazilərinə doğru hərəkət etməyə başlayıb. Nyu Yorkda yenidən güclü qar yağıb. Qar güclü külək və şaxtalı hava ilə müşaiyət olunur. Nyu Yorkun hava limanlarında yüzlərlə aviareys təxirə salınıb. Aeroportların uçuş zolaqlarını qar örtüb. Qarın hündürlüyü 35 santimetrə çatır. Yolların buz bağlaması səbəbindən avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb. İctimai nəqliyyatın da hərəkəti çətinləşib. Küçələrin qardan və buzdan təmizlənməsi üçün çox sayda xüsusi texnika cəlb olunub. Məktəblər və dövlət idarələri işini dayandırıb. Meteoroloqlar soyuq hava şəraitinin bir neçə gün davam edəcəyini bildiriblər. Avstraliyada da leysan və daşqınlar davam edir. Təbii fəlakət qurbanlarının sayı 16 nəfərə çatıb. İtkin düşən 80-dək insanın axtarışları isə heç bir nəticə vermir. Brisben şəhərində də vəziyyət gərgin olaraq qalır. Şəhər meri Kempbell Nyuman Brisben çayında suyun səviyyəsinin ən yüksək həddə çatdığını deyib. 11 min 900 ev tamamilə su altında qalıb. Daşqınlardan əziyyət çəkən əhaliyə kömək etmək üçün hərbçilər cəlb olunub. Hərbçilər Brisben sakinlərinə qum doldurulmuş kisələr vasitəsilə bənd qurmaqda yardım edirlər. Kvinslənd ştatında davam edən daşqınlar həmçinin kənd təsərrüfatına da ciddi ziyan vurub. Minlərlə hektar əkin sahəsi yararsız hala düşüb. Milyonlarla ton məhsul məhv olub. Təbii fəlakət həmçinin 2 min 500 müəssisəyə də ciddi ziyan vurub. Hidroloqların məlumatına görə, yaxın günlərdə daşqın suları nisbətən azalacaq. Braziliyada da daşqınlar davam edir. Təbii fəlakət nəticəsində torpaq sürüşmələri də baş verib. 270 nəfər həlak olub. Rio de Janeyro ştatına daha çox ziyan dəyib. Terezopolis, Nova-Friburqu və Petropolis şəhərlərində vəziyyət daha acınacaqlıdır. Bu şəhərləri palçıq selləri örtüb. Təbii fəlakət zonasında elektrik təminatı və kommunikasiya xətləri sıradan çıxıb. Torpaq sürüşmələri əyalətlərdə yolların dağılmasına səbəb olub. Federal hakimiyyət daşqınlardan əziyyət çəkənlər üçün 480 milyon dollar yardım ayırıb. Təbii fəlakət zonasında fövqəladə vəziyyət elan olunub. Meteoroloqların proqnozları da ürəkaçan deyil. Sinoptiklər güclü leysanların yanvarın sonuna qədər davam edəcəyini bildiriblər.