Cəmiyyət

“ATV İnternational” televiziya kanalı “CBC” adı ilə fəaliyyətə başlayacaq

10-04-2013 | 13:55        

  

“ATV İnternational”  “Azad Azərbaycan” televiziya kanalından ayrılaraq SOCAR Media İctimai Birliyinin nəzdində fəaliyyət göstərəcək. Bu barədə kanalın rəhbərliyinin Dövlət Neft Şirkəti ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verilib.  ATV-nin prezidenti Vüqar Qaradağlı deyib ki, rəhbərlik etdiyi Azad Azərbaycan televiziya kanalı elə ilk gündən  milli-dövlətçilik istiqamətində fəaliyyət göstərib. Lakin müasir texnologiyalardan istifadə məsələsində problemlər yarandığından, kanalın reklam qurumu olmadığından bir sıra çətinliklərlə üzləşiblər. Belə olan təqdirdə qərara alınıb ki,  “ATV İnternational” satışa çıxarılsın və  ARDNŞ tərəfindən gələn təklif dəyərləndirilib.  ATV İnternational SOCAR Media İctimai Birliyinin nəzdində fəaliyyət göstərəcək-deyən Dövlət Neft Şirkətinin  vitse-prezidenti Xaliq Məmmədov təmsil etdiyi qurumun təkcə ölkə daxilində deyil, eləcə də dünyanın bir sıra dövlətlərində  investisiya və sosial layihələr həyata keçirdiyini xatırladıb. Bu səbəbdən prosesə media dəstəyinin olmasının vacibliyi əsas götürülərək  satışa çıxarılan “ATV İnternational” alınıb. Xaliq Məmmədov onu da qeyd edib ki, SOCAR Media İctimai Birliyinin ARDNŞ qarşısında hər hansı öhdəliyi yoxdur və  qurum sosial layihə kimi fəaliyyət göstərəcək. Kanalda verilişlərin 10 faizi Azərbaycan, 90 faizi region ölkələrinin dillində yayımlanacaq. Kanal ən müasir texnologiyalarla təmin ediləcək və regionun lider televiziyasına çevriləcək. Bu kanal SOCAR biznes maraqlarını təmsil etməklə yanaşı, eyni zamanda dövlətin siyasətini də həyata keçirək. Qeyri-kommersiya təşkilatı olan kanal ayrılan qrant hesabına büdcəsini formalaşdırılacaq. “Atv İnternational” televiziya kanalının direktoru Azər Xəlilov deyib ki,  bundan sonra “ATV İnternational” televiziya kanalı “CBC” (Caspian Broadcasting Company) adlandırılacaq. Kanal milli, tolerantlıq ideologiyası əsasını üstün tutacaq və Azərbaycanın beynəlxalq təbliğatına yer ayıracaq. Azər Xəlilov onu da bildirib ki, hazırda kanalda fars, erməni, rus, ingilis dillərində xəbərlər yayımlanır. Xarici ölkələrdə müxbir məntəqələrinin yaradılması da nəzərdə tutulub.