Siyasət

Bosniya və Herseqovinanın Xarici İşlər Naziri Milli Məclisdə olub

13-01-2011 | 14:53        

  

“Azərbaycanla ikitərəfli əlaqələrin inkişafı Bosniya və Herseqovina üçün çox vacibdir və biz bunda maraqlıyıq”.  Bu sözləri ölkəmizdə rəsmi səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla  keçirdiyi görüşdə deyib.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qonağa Azərbaycan parlamentinin tərkibi, fəaliyyəti, beynəlxalq qurumlardakı təmsilçiliyi, ikitərəfli münasibətləri barədə məlumat verərək iki ölkənin millət vəkillərinin əməkdaşlığının möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri, zəngin karbo-hidrogen ehtiyatlarına sahib olan Azərbaycan Avropa ilə sıx əməkdaşlıq edir. Ermənistanın işğalçılıq siyasətindən, Dağlıq Qarabağ münaqişəsindən  danışan birinci vitse-spiker deyib ki, ölkəmizdə 1 milyon qaçqın və məcburi köçkün var. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı BMT, Avropa Şurası və digər beynəlxalq qurumların qətnamə və qərarlarını xatırladaraq Ermənistanın həmin sənədlərin, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmədiyini qonağın diqqətinə çatdırıb. Bakıda olduğu iki gün müddətində mühüm və səmərəli görüşlər keçirdiyini deyən Sven Alkalay Bosniya və Herseqovinanın Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini deyib. Dünya Maliyyə böhranı şəraitində ölkəmizin sürətli iqtisadi inkişafından danışaraq söyləyib ki, Azərbaycanda neft və qaz sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafına böyük önəm verilməsi həyata keçirilən çox gözəl və düzgün bir siyasətdir. Dağlıq Qarabağ münaqişəsindən danışan qonaq öz ölkəsinin də qaçqın problemi ilə üzləşdiyini vurğulayaraq, “ona görə biz sizi yaxşı başa düşürük”, deyib. Bosniya və Herseqovina Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Azərbaycan hər zaman BMT-də bu məsələ ilə bağlı Bosniya və Herseqovinanın dəstəyinə inana bilər. Görüşdə hər iki tərəfin əməkdaşlığın inkişafı üçün mövcud potensialdan səmərəli istifadə olunacağına əminlik ifadə olunub.