Xarici xəbərlər

İtaliyada baş nazirin toxunulmazlıq hüququ ləğv edilə bilər

13-01-2011 | 13:56        

  

İtalyanın konstitusiya məhkəməsi baş nazir Silvio Berluskoninin toxunulmazlıq hüququnu ləğv etmək barədə qərar qəbul edə bilər. Bu təşəbbüslə baş nazirin vəkilləri çıxış edib. Toxunulmazlıq hüququ İtaliyanın baş naziri Silvio Berluskoniyə korrupsiya və vergi cinayətlərindən yayınmaq imkanı yaradır. Ölkənin konstitusiya məhkəməsi Berluskoninin toxunulmazlıq hüququnu ləğv etsə, onun əleyhdarları bundan yararlanmağa çalışacaqlar. Belə ki, baş nazir dəfələrlə korrupsiyada günahlandırılıb. Siyasi analitiklər Berluskoninin vəzifəsindən gedənədək məhkəmə qarşısında cavab verəcəyini düşünürlər. Lakin bundan baş nazirin nə əldə edəcəyi hələ ki, məlum deyil. Bundan başqa İtaliyanın konstitusiya məhkəməsi ölkənin birinci şəxslərinin üzrlü səbəblərdən məhkəməyə gəlməməsi qanununa dair rəyini də bildirəcək. Bu qanun 6 ay əvvəl ölkə parlamenti tərəfindən qəbul edilib. Qanuna əsasən, prezident, baş nazir və hər iki palatanın spikeri işlərindən ayrılmamaq üçün məhkəmə iclaslarına qatılmaya bilər. Müşahidəçilərin məlumatlarına görə, “üzrlü səbəbdən” gəlməmək qanununu konstitusiyadan kənar hesab edəcəklər. Hazırda Silvio Berluskoniyə qarşı 3 məhkəmə işi qaldırılıb. Lakin bu proseslər məhz məhkəməyə üzrlü səbəbdən gəlməməyə dair qanuna görə dondurulub. Berluskoni isə Almaniya kansleri Angela Merkellə Berlində görüşü zamanı bildirib ki, konstitusiya məhkəməsinin qəbul edəcəyi qərar hökumətin sabitliyinə heç bir maneə yaratmayacaq.