Cəmiyyət

Son orta əsr Ağsu şəhərində arxeoloji qazıntı işlərinin I mərhələsi uğurla başa çatıb

13-01-2011 | 13:41        

  

Azərbaycanın “son orta əsr şəhər mədəniyyəti və orta əsr Ağsu şəhəri” mövzusunda silsilə seminarlara start verilib. Seminarlar muzey və kitabxanalarda, ali və orta məktəblərdə təşkil ediləcək. Azərbaycanın “son orta əsr şəhər mədəniyyəti və orta əsr Ağsu şəhəri” mövzusunda ilk seminar Maksim Qorki adına mərkəzi səyyar kitabxana fondunda keçirilib. Məqsəd ölkənin qədim tarixi və zəngin mədəni irsi haqqında ictimaiyyəti məlumatlandırmaq, mədəniyyət ocaqlarına marağın artmasına kömək göstərmək, bu sahədəki problemləri müəyyən etməkdir. Seminar Ağsu ekspedisiyasının üzvləri, mütəxəssislərin iştirakı ilə keçirilib.  Müzakirələrdə orta əsr Ağsu şəhərində aparılan arxeoloji qazıntıların 3D formatında  hazırlanan virtual görüntüsü nümayiş olunub. Ekspedisiya zamanı toplanan materiallar əsasında çap olunan toplu  Maksim Qorki adına mərkəzi səyyar kitabxana fonduna hədiyyə edilib.

Xatırladaq ki, son orta əsr Ağsu  şəhərində  arxeoloji qazıntı işlərinə ötən ilin martından başlanılıb. Ekspedisiyanın birinci mərhələsi uğurla başa çatıb.  İlkin olaraq üç min kvadratmetr sahə araşdırılıb.  Buradan  18-ci əsrə aid çoxsaylı bina qalıqları, küçə və meydanlar, boyaqxana, tikiş sexi aşkar edilib. Mart ayında ərazidə ilk dəfə geomaqnit araşdırmalara başlanılması nəzərdə tutulub. Hazırda bununla bağlı Türkiyə və İtaliyalı mütəxəssislərlə danışıqlar aparılır.