Digər

Havaların dəyişkənliyi qrip xəstəliyinin yayılmasına əlverişli şərait yaradır

13-01-2011 | 13:25        

  

 Havaların dəyişkən keçməsi qrip xəstəliyinin yayılmasına əlverişli şərait yaradır. Buna baxmayaraq ölkə ərazisində epidemioloji vəziyyət tam nəzarətdədir. Ölkə ərazisində xəstəliyin kəskin yayılmaması üçün Səhiyyə Nazirliyi qripə yoluxmada şübhələnənləri poliklinikaya müraciət etməyi, peyvənd vurdurmağı məsləhət görür. Peyvənd üçün heç bir vəsait tələb olunmur. Eyni zamanda nazirlik ölkədə qripə yoluxma hallarının geniş yayılmadığını və belə bir təhlükənin gözlənilmədiyi qənaətindədir.

 Mütəxəssislər isə qrip xəstəliyinə ciddi yanaşmağı, xəstəliyə ümumiyyətlə yoluxmamaq üçün bədənin immunitetini artırmağı məsləhət görürlər. Virusa yoluxan insanların isə vaxtında müalicə olunmasını, viruslara qarşı ciddi mübarizə  aparmağın vacibliyini bildirirlər. Mütəxəssis qızdırmayla müşayiət olunan xəstəliyin ilkin əlamətləri zamanı antibiotiklərdən istifadənin zərərindən də danışıb. Bildirib ki, qızdırmanın 6 gündən artıq müddət davam etdiyi təqdirdə antibiotikdən istifadə edilməlidir. Əks halda, antibiotik immuniteti zəiflədib, xəstəyə daha da pis təsir göstərər.