Cəmiyyət

“54 gün mühasirədə” sənədli filminin təqdimatı keçirilib

10-12-2012 | 16:43        

  

Ermənistanın işğalı nəticəsində mühasirədə qalan laçınlılar haqqında çəkilən “54 gün mühasirədə ” sənədli filminin təqdimat mərasimi keçirilib. Film 1993-ci ildə ermənilərin Laçının şimal hissəsinə hücumu zamanı mühasirədə qalan 19 nəfərin başına gələn dəhşətli anlardan bəhs edir. Ekran əsərində, filmin baş qəhrəmanı Laçının Oğuldərə kəndinin sakini, Əli Əliyev və onun ailəsinin məruz qaldığı müsibətlər onların öz dilindən təqdim olunur.“19 nəfər arasında yeganə qadın - Nübar Rzayevanın mühasirənin dəhşətlərindən bəhs edən fikirləri də filmdə yer alıb. Bir ailənin timsalında millətin yaşadığı ağlasığmaz hadisələr, torpaqların itkisi ilə bərabər insanların aldığı psixoloji zərbələr də filmdə yer alan əsas məqamlardır. Əli Əliyevin mühasirə zamanı cib kitabçasında etdiyi qeydlər, mühasirədən çıxandan sonrakı ilk günlərdə çəkilmiş fotoşəkillər, onunla birgə mühasirədə olmuş şəxslər haqqında məlumatlar, eləcə də erməni işğalı zamanı ailəsinin üzləşdikləri çətinliklərin lentə alındığı kadrlar da nümayiş olunub. Filmin təqdimatından sonra çıxış edən millət vəkilləri öz təəssüratlarını bölüşdülər. Bildirildi ki, gələcək nəsillər üçün bu filmin əhəmiyyəti böyükdür. Real faktlara əsaslanan filmin çəkilməsi erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmaq üçün əhəmiyyəti vurğulandı. Sənədli film yaxın zamanlarda bir çox dillərdə tərcümə olunacaq.