İqtisadiyyat

“Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsinin icrasına başlanılıb

12-01-2011 | 15:46        

  

Əmlak məsələləri Dövlət Komitəsinin və Almaniyanın KFW bankının birgə hazırladıqları “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsinin təqdimat mərasimi olub. Gəncə və Şəkini əhatə edən bu layihə 2 mərhələdə həyata keçiriləcək.  Azərbaycan və Almaniya hökumətləri arasındakı maliyyə əməkdaşlığı əsasında hazırlanan “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsinin məqsədi Gəncə şəhərində və Şəki rayonunun kəndlərinə kadastr sistemini inkişaf etdirmək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı xidmətlərin səviyyəsini yüksəltmək, çevikliyini daha da artırmaqdır. Təqdimat mərasimində bildirildi ki, layihə çərçivəsində daşınmaz əmlak obyektlərindən səmərəli istifadə edilməsi ilə bağlı mükəmməl rəqəmsal kadastr xəritələri də yaradılacaq. Layihə iki mərhələdə həyata keçiriləcək.  Almaniyalı mütəxəssislər onların ölkəsində 150 ildən artıqdır tətbiq olunan daşınmaz əmlakın kadastrı və qeydiyyatı sisteminin 9 ay ərzində Gəncə və Şəkidə də qurulacağını bildirdilər. Layihənin həyata keçirilməsi nəticəsində torpaq sahiblərinin və bələdiyyələrin məlumat bazasının qeydiyyatı və kadastr xətləri tamamilə yenilənəcək. Bu, daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı mövcud prosedurları sadələşdirib qeydiyyata sərf olunan vaxt itkisini aradan qaldırmaqla yanaşı torpaq islahatı zamanı yaranan problemləri də aradan qaldıracaq.