İqtisadiyyat

Vətəndaşlardan heç bir sənəd toplanılması tələb edilmədən pensiya təyinatı mümkün olacaq

11-01-2011 | 19:25        

  

Yaxın dövr ərzində Azərbaycanda vətəndaşlardan heç bir  sənəd  toplanılması tələb edilmədən pensiya təyinatı  sisteminin tətbiqi reallaşdırılacaq.  “Əmək pensiyaları haqqında” qanuna edilən son dəyişiklik nəticəsində, yeni, sadələşdirilmiş qaydanın tətbiqi bütün sığorta olunanlar üzrə 2006-cı il yanvarın 1-dək qazanılmış pensiya hüquqlarının ilkin pensiya kapitalı şəklində fərdi hesablarda qeydiyyatının aparılmasına imkan yaradır. Bu haqda danışan Dövlət Sosial Müdafiə Fondunun Əmək Pensiyaları şöbəsinin müdiri Elşən Məmmədəliyev bildirdi ki, sistemin yaradılmasında  əsas istiqamət  fərdi uçot sistemində sığorta olunanlara dair ödənilən sosial sığorta haqları üzrə hesabatların qəbulu prosesidir. Hazırda 2006-2008-ci illər üzrə ödənilən sığorta haqları barədə bəyannamələrin qəbulu tam yekunlaşıb və onların hesablara ödənilməsi prosesi aparılır.

Yeni qaydaların tətbiqinədək pensiya təyinatı zamanı əsas problemlər 2006-cı ilə qədər olan dövr üçün pensiya məbləğlərinin müəyyən edilməsi metodikası ilə bağlı olurdu. Artıq bütün bu çatışmazlıqlar aradan qaldırılıb. 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 170 manat hesablanmasına keçilib. Ümumilikdə, “2009-2015-ci illərdə Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda pensiya təyinatının tam avtomatlaşdırılmasına keçid 2013-cü ildə nəzərdə tutulsa da, bu prosesin daha tez reallaşdırılacağı gözlənilir. Fond bu prosesi Dövlət Proqramında müəyyən olunan qrafikdən əvvəl həyata keçirilməsini hədəf seçib ki, bu da MDB məkanında ilk göstərici olacaq. Yəni heç bir sənəd tələb etmədən pensiya təyinatı aparılacaq.