Xarici xəbərlər

Ermənistanı 2011-ci ildə iqtisadi və siyasi fəlakət gözləyir

12-01-2011 | 15:15        

  

Ermənistanda iqtisadiyyatın iflası artır. Ötən ili böhran və tənəzzül içərisində başa vuran rəsmi İrəvanın 2011-ci il üçün proqnozları da ürəkaçan deyil. Rəsmi statistik göstəricilərə görə, Ermənistan iqtisadiyyatı 2011-ci ilə 13 faizdən çox inflyasiya ilə daxil olub. Bu isə erməni ekspertlər tərəfindən fəlakət kimi qiymətləndirilir. İndi erməniləri narahat edən əsas məqamlardan biri yüksək inflyasiyanın daha da artmasıdır. Çünki son bir neçə ilin statistikası Ermənistanda bahalaşmanın ildən-ilə artdığını göstərir. Məsələn, ötən ilin dekabr ayında 2009-cu ilin eyni dövrü ilə müqayisədə istehlak mallarının qiymətində 109,4 faiz artım müşahidə olunub. Ərzaq məhsullarında isə bu artım 14 faiz təşkil edib. Bir tərəfdən də Ermənistanın xarici borcları ən yüksək həddə çatıb. Bu ölkənin xarici borclarının səviyyəsi 3 milyard dolları ötüb. 2011-ci ilin sonlarına qədər isə borcun həcminin 4 milyard dollara çatacağı gözlənilir. Ermənistan Ümummilli Hərəkatının təmsilçisi Samvel Abramyanın sözlərinə görə, yaranmış vəziyyətdən oliqarxlar öz mənafeləri üçün istifadə edirlər. O, bildirib ki, xarici borcların həcminin ümumdaxili məhsulun 50 faizinə çatması ciddi təhlükədən xəbər verir. Abramyanın fikrincə, bundan narahat olmayan hakimiyyət xalqı daha çox soymaq, büdcəni talan etmək və varidatını mümkün qədər artırmaq barədə düşünür. Erməni oliqarxların var-dövlət hərisliyi təkcə xarici borcların artması ilə deyil, həmçinin, həm də orta və xırda sahibkarlığın  sıxışdırılması ilə də nəticələnib. Bu səbəbdən Ermənistanda fəaliyyətini dayandıran müəssisə və fabriklərin sayı ildən-ilə artır. Mövcud vəziyyətə tab gətirməyən ermənilər çıxış yolunu ailələri ilə birlikdə ölkəni tərk etməkdə görürlər. Emiqrasiyanın səviyyəsi o həddə çatıb ki, artıq 3 milyonluq əhalisinin yarısı ölkəni birdəfəlik tərk edib.