İqtisadiyyat

Xəzər dənizinin mühafizəsi ilə bağlı yeni layihə hazırlanıb

12-01-2011 | 15:02        

  

Xəzər dənizinin ekoloji durumunun yaxşılaşdırılması, mühafizəsi və təhlükəsizliyinin qorunması ilə bağlı yeni layihə üzərində işlənilir. Layihə Azərbaycan Milli Elmlər Akademiyası, Müdafiə Sənayesinin Aeorokosmik agentliyi, Milli Aviasiya Akademiyasının və Dövlət Neft Şirkətinin təşəbbüsü ilə hazırlanıb. Son zamanlar Xəzər dənizinin problemlərinin öyrənilməsi və onların həlli məsələlərinin araşdırılması istiqamətində Azərbaycan hökuməti bir sıra mühüm tədbirlər həyata keçirib. Ölkəmizdə fəaliyyət göstərən elmi-tədqiqat İnstitutları daim bu sahədə durmadan çalışır və yeni layihələr hazırlayırlar. Analoji bir layihə artıq hazırlanıb və təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim edilib. İlkin olaraq smeta dəyəri 5 milyon manat məbləğində dəyərləndirilən proyektin adı “Xəzər dənizində neft ləkələrinin operativ monitorinqinin təşkili” adlanır. AMEA-nin coğrafiya institutunun elmi işlər üzrə direktor müavini Ramiz Məmmədovun sözlərin görə, layihənin köməkliyi ilə vaxt itkisinə yol vermədən həm Xəzər dənizinin ekoloji vəziyyətinə nəzarət güclənəcək və həm də baş verə biləcək hər hansı bir neqativ hadisəni tez bir zamanda həll etmək mümkün olacaq. O, bildirdi ki, layihə çərçivəsində yaradılacaq mərkəz müasir kompüter və xüsusi texniki avadanlıqlarla təchiz olunacaq. Bu da operativ nəzarətə imkanı verəcək. Belə ki, süni peyklər vasitəsi ilə çəkilən foto şəkillər bir başa mərkəzə ötürüləcək və bu qurğular vasitəsi ilə onlar anındaca emal olunaraq neft ləkəsinin dəqiq koordinatları müəyyən ediləcək. 6 ay müddətinə hazırlanan layihə Avropa ölkələrində artıq sınaqdan keçirilib və icrası uğurla davam etdirilir. Coğrafi mövqeyini, bio aləminə və relyefinə görə Xəzər dənizi strateji bir məkandır və bir faktı demək kifayətdir ki, dünyanın nərə balığının 90 faizi məhz bu dənizdədir.