Xarici xəbərlər

Yeni Zelandiyada zəlzələ qurbanlarının sayı artıb

24-02-2011 | 16:26        

  

Yeni Zelandiyada baş verən dağıdıcı zəlzələdən sonra həlak olan və xəsarət alanların axtarışları davam etdirilir. Bu arada təbii fəlakət nəticəsində ölkəyə  dəyən ziyanın məbləği açıqlanıb.

Yeni Zelandiyanın baş naziri Con Ki Kraystçerç şəhərində baş verən dağıdıcı zəlzələnin ölkəyə təxminən 13 milyard dollar dəyərində ziyan vurduğunu bildirib. Onun sözlərinə görə, dağılmış infrastrukturun bərpası bir neçə il ərzində mümkün olacaq. Xilasedicilər isə dağıntılar altında qalan insanların axtarışlarını davam etdirirlər. Yeraltı təkanlar nəticəsində həlak olanların sayı artaraq 92 nəfərə çatıb. 300-dən artıq insan isə hələ də itkin düşmüş hesab edilir. Xilasetmə əməliyyatlarına Avstraliya, Amerika Birləşmiş Ştatları və Asiyanın bir neçə ölkəsindən xilasedici briqadaları da cəlb olunub. Onların səyi nəticəsində dağıntılar altından 120 nəfəri çıxartmaq mümkün olub. Kraystçerç şəhərinin əksər hissələri hələ də işıqsız qalır. Məktəb binalarında içməli su və ərzaq paylama mərkəzləri fəaliyyət göstərir. Şəhər aeroportu da fəaliyyətini bərpa etməyib. Küçələrdə səhra hospitalları qurulub. Son bir gün ərzində Kraystçerç şəhərində 11 yeni yeraltı təkan qeydə alınıb. Qeyd edək ki, Kraystçerç Yeni Zelandiyanın üçüncü böyük şəhəridir. Bu şəhərin 400 min əhalisi var.