Cəmiyyət

Dekabr ayında 74 əcnəbi ölkə ərazisindən deportasiya edilib

12-01-2011 | 13:16        

  

Miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi və  qeyri-leqal miqrasiyaya qarşı mübarizə istiqamətində Dövlət Miqrasiya Xidməti tərəfindən davamlı tədbirlər həyata keçirilir. Ötən ilin dekabr ayı ərzində də bu istiqamətdə müəyyən nəticələr əldə olunub. 2010-cu ilin dekabr ayında Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 5 min 117 müraciət daxil olub. Müraciətlər miqrantların ölkədə  müvəqqəti olma  müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa  qəbul, bərpa, xitam eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi  kimi məsələləri əhatə edir. Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Xidmət əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti  və daimi yaşama qaydalarının pozulması  halları aşkar edilərək qarşısı alınıb. Keçirilən tədbirlər nəticəsində 930 əcnəbinin inzibati qanunvericiliyin tələblərini pozması müəyyən edilib. Onlardan 171 nəfərinin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşaması leqallaşdırılıb, 685 əcnəbi barəsində 48 saat müddətində ölkəni tərk etmə, 74 əcnəbinin isə inzibati qaydada respublika hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.