Siyasət

Xocalılar beynəlxalq ictimaiyyətə müraciət ünvanladılar

23-02-2011 | 21:28        

  

Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar Xocalı əhalisi dünya dövlətlərinə, Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciət ünvanlayıb. Tarixi sənədlərə əsaslanan müraciətdə İrandan Azərbaycana köçmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə Dağlıq Qarabağda abidə ucaldan ermənilərin son iki əsrdə Azərbaycana qarşı işğalçılıq siyasəti, onların zaman-zaman həyata keçirdikləri çoxsaylı terror aksiyaları və kütləvi qırğınlar, deportasiya və soyqırımı kimi bəşəri cinayətlər haqqında məlumat verilir.

Qeyd edilir ki, 1988-1989-cu illərdə Ermənistanda öz tarixi-etnik torpaqlarında yaşayan 250 mindən artıq azərbaycanlı son nəfərinə kimi deportasiya edilib, bu qanlı aksiya zamanı yüzlərlə günahsız insan qətlə yetirilib. Nəticədə Ermənistan monoetnik dövlətə çevrilib.

Artıq 20 ilə yaxındır ki, Azərbaycan torpaqlarının 20 faizi, o cümlədən Dağlıq Qarabağ inzibati-ərazi bölgüsünə daxil olmayan və 1990-cı illərin əvvəllərinədək bütünlüklə, azərbaycanlıların yaşamış olduqları 7 rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1 milyondan artıq azərbaycanlı öz əzəli yurdlarından vəhşicəsinə qovulub, on minlərlə insan qətlə yetirilib, İndiyədək erməni girovluğundan 1400-ə yaxın azərbaycanlı azad edilsə də, 4 mindən artıq Azərbaycan vətəndaşının taleyi hələ də qeyri-müəyyən olaraq qalır.

İyirminci əsrin 90-cı illərinin əvvəllərində Qarabağın Kərkicahan, Meşəli, Quşçular, Qaradağlı, Ağdaban və s. kimi azərbaycanlılar yaşayan kəndlərində erməni silahlılarının törətdikləri kütləvi qırğınlar, Bakıda və digər şəhərlərimizdə həyata keçirilmiş qanlı terror aksiyaları, nəhayət, Xocalı soyqırımı dırnaqarası məzlum və əzabkeş erməni vicdanında əbədi qara ləkə kimi yaşayacaq tarixi cinayətlərdir.

Tarixdə analoqu olmayan bu cür qəddarlıq və vəhşilik XX əsrin sonunda, dünyanın gözü qarşısında baş verib. Artıq 19 ildir ki, məcburi köçkünlük həyatı yaşayan biz xocalılılar dünyanın bütün sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara ürək ağrısı ilə, eyni zamanda, böyük ümidlərlə müraciət edirik. İnanırıq ki, nüfuzlu beynəlxalq təşkilatlar olan BMT, AŞ və ATƏT, sülhsevər qüdrətli ölkələr beynəlxalq hüquqa və bəşəri dəyərlərə məhəl qoymayan təcavüzkar bir dövləti - Ermənistanı haqq-ədalət prinsipləri ilə yaşamağa və qonşu dövlətlərlə sivil münasibətlər qurmağa məcbur edəcəkdir. Müraciət Xocalı məcburi köçkünlərinin Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində keçirilən ümumi toplantısında qəbul olunub.