Siyasət

Diplomatlar Naxçıvan səfərindən razı qalıblar

23-02-2011 | 16:15        

  

Avropa İttifaqı Azərbaycanın bütün regionları ilə eyni qarşılıqlı əlaqələr qurmaq niyyətindədir. Bu məqsədlə Avropa İttifaqına üzv ölkələrin səfirləri Naxçıvanda rəsmi səfərdə olub.  Avropalı diplomatlar Naxçıvanda Muxtar Respublikasının Ali Məclisinin Sədri, Daxili İşlər, İqtisadi İnkişaf, Xarici İşlər Nazirliklərinin nümayəndələri, Ombudsman, eləcə də müxtəlif sahələrdən olan Qeyri-Hökumət Təşkilatları ilə görüşüblər. Avropa İttifaqının sədrliyi adından səfir Roland Kobia çıxış edərək deyib ki, bu səfər Avropa İttifaqının Azərbaycanın bütün regionları ilə eyni qarşılıqlı əlaqələr qurmaq niyyətini göstərir. İnanırıq ki, Naxçıvan və Avropa İttifaqı arasındakı daha güclü tərəfdaşlıq bir çox səviyyədə daha çox vədlər verə bilər. Səfər zamanı diplomatlar regionun xüsusiyyətlərini, eləcə də Ermənistanla Azərbaycan arasındakı münaqişənin mənfi təsirlərini qiymətləndiriblər. Avropa İttifaqının regionun davamlı inkişafına töhfə vermək üçün daha artıq çalışmaq niyyəti qeyd edilib. Səfirlər Naxçıvanda ATƏT layihələrinin inkişafını alqışlayıb və bunu təşviq ediblər. İqtisadi inkişaf, təhsil və elm sahələrini gələcəkdə birgə əməkdaşlığın mümkün sahələri olaraq müəyyənləşdiriblər. Bu müzakirələr Naxçıvanla Şərq Tərəfdaşlığı kontekstində gələcək əməkdaşlıq sahələrini qiymətləndirmək və daha yaxşı qarşılıqlı anlaşmaya töhfə etmək fürsəti yaradıb. Naxçıvana səfərdə Avstriya, Belçika, Bolqarıstan, Çex Respublikası, Almaniya, Fransa, İtaliya, Latviya, Litva, Hollandiya və Avropa İttifaqı Nümayəndəliyinin səfir və əməkdaşları iştirak edib.