Cəmiyyət

Meksikanın paytaxtında Tlakskoake–Xocalı meydanı istifadəyə verilib. Meydanda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.

27-08-2012 | 11:08        

  

Meksikanın paytaxtında Tlakskoake–Xocalı meydanı istifadəyə verilib. Meydanda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.Mexiko şəhərinin Tarixi Mərkəzində Tlakskoake–Xocalı meydanının və burada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan  abidənin açılış mərasimi keçirilib.  Mərasimdə Meksikada rəsmi səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov Xocalı soyqırımı barədə iştirakçılara məlumat verərək, iki il bundan əvvəl Mexiko şəhərinin Tarixi Mərkəz rayonunda Tlakskoake-Xocalı meydanının təmir-bərpa işlərinin və burada Azərbaycan xalqının tarixində ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımına həsr edilən abidənin ucaldılması ilə bağlı layihənin uğurla başa çatdığını bildirdi. Azərbaycan Prezidenti İlham Əliyevin və xalqımızın salamlarını mərasim iştirakçılarına çatdıran Baş nazirin müavini Əli Həsənov ölkəmizin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığını və bunun nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini söylədi. Əli Həsənov qeyd etdi ki, Xocalı faciəsinə həsr olunan bu abidənin Azərbaycandan çox uzaqlarda – Meksika torpağında ucaldılması Meksika xalqının ədalətli və sülhsevər olduğunun bariz nümunəsidir. Ötən il Meksika Konqresində Xocalı faciəsi ilə bağlı məsələnin müzakirə edilməsi və Deputatlar Palatası tərəfindən bu cinayətin soyqırım kimi tanınmasına toxunan Əli Həsənov öz demokratikliyini və ədalət prinsiplərinə sədaqətini nümayiş etdirən Meksika Konqresinin üzvlərinə dərin hörmət və ehtiramını çatdırdı. Daha sonra tədbirdə Mexiko şəhərinin meri Marselo Ebrard çıxış edərək bildirdi ki, bu meydan ölkələrimiz arasında qarşılıqlı hörmət, gələcəkdə daha sıx və geniş əməkdaşlıq yaratmaq niyyətlərindən xəbər verir. Mer qeyd etdi ki, Mexikoda ilk dəfə olaraq bu meydanda  20 metr hündürlüyündə proqramlaşdırılmış musiqili və rəngli fontan qurğusu yaradılib. Qeyd edək ki, bu meydanının yerləşdiyi Tarixi Mərkəz rayonu UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Xocalı soyqırımı abidəsinin müəllifi tanınmış xalq rəssamı, heykəltəraş Natiq Əliyevdir.Təntənəli açılış mərasimindən sonra Tlakskoake-Xocalı meydanında Mexiko şəhərinin simfonik orkestri tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən musiqi proqramı səslənib.