Xarici xəbərlər

Yeni Zelandiyada zəlzələ qurbanlarının sayı artıb

23-02-2011 | 12:51        

  

 Yeni Zelandiyada zəlzələ nəticəsində dağıntılar altında qalanların axtarışı davam edir. Yeraltı təkanlarda həlak olanların sayı isə artmaqdadır. Yeni Zelandiyada fevralın 22-də baş vermiş zəlzələ qurbanlarının xatirəsinə matəm élan edilib. Bu arada zəlzələdə həlak olanların sayı artaraq 75 nəfərə çatıb. Dağıntılar altında qalanların axtarış-xilasetmə işləri isə davam etdirilir. Xilasedicilər yeni dağıntının baş verə biləcəyindən ehtiyatlanaraq, əməliyyata ağır texnikanı cəlb etmirlər. İndiyədək dağıntılar altından 100-ə yaxın insanı çıxarmaq mümkün olub. Lakin 300-dən çox insanın axtarışları hələ də nəticə vermir. Yeni Zelandiyada baş verən zəlzələnin episentri Krayst-Çörç yaşayış məntəqəsindən 5 km uzaqlıqda qeydə alınıb. Yeraltı təkanlar Rixter cədvəli ilə 6,3 bal gücündə olub. Krayst-Çörç Yeni Zelandiyanın 2-ci böyük şəhəridir.  Zəlzələ zamanı şəhərdəki binaların əksəriyyəti, o cümlədən kilsə və şəhər körpüsü tamamilə dağılıb. Hava limanı da fəaliyyətini dayandırıb. Rabitə xətləri sıradan çıxıb. Şəhərə elektrik enerjisinin verilməsi dayandırılıb. Su borularının zədələnməsi səbəbindən şəhərin küçələri su altında qalıb. Bəzi yerlərdə yanğınlar da qeydə alınıb. Bu, Yeni Zelandiyada son 80 ilin ən dağıdıcı zəlzələsi hesab edilir.