Siyasət

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin iclası keçirilib

22-02-2011 | 14:08        

  

 Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin iclası keçirilib. İclasda komitənin hazırladığı İnzibati Xətalar Məcəlləsi, Əməliyyat Axtarış fəaliyyəti və parlamentin müzakirəsinə təqdim ediləcək digər qanun layihələrinə əlavə və dəyişikliklər edilib. Müzakirəyə çıxarılacaq qanun layihələri əsasən dəniz limanlarında, dəmir yol stansiyalarında, avtovağzallarda və digər bu kimi obyektlərdə yarana biləcək neqativ halların qarşısının alınmasına xidmət edəcək. Komitə sədri Əli Hüseynov bildirdi ki, gündəlikdə duran məsələlər həm də dövlət başçısının tapşırığına uyğun olaraq korrupsiyaya qarşı həyata keçirilən tədbirlərin gücləndirilməsi istiqamətində atılacaq mühüm addım olacaq. İnzibati Xətalar haqqında qanun layihəsinə edilən dəyişiklik barədə məlumat verən inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizamin Səfərov isə əlavə edib ki, təqdim olunan maddə iki hissədən ibarətdir. 1-ci hissədə dövriyyəsi məhdudlaşdırılan əşyalar, 2-ci hissədə isə dövriyyəsi məhdudlaşdırılmayan əşyaların gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən alınmasına görə məsuliyyəti müəyyən edir. Layihənin əhəmiyyətindən danışan millət vəkilləri isə əlavə ediblər ki, dəyişiklər əsasında xüsusi icazə tələb olunmayan və digər məhdudiyyəti olmayan əşyaların götürülməsinə görə aidiyyəti şəxslər məsuliyyətə cəlb olunur. Məhdudiyyət qoyulan əşyalara gəldikdə isə qeyd olunub ki, bu istiqamətdə hər hansı qanun pozuntusuna rast gəlindikdə, sozügedən şəxslərə 2 min manatdan 3 min manata qədər cərimə tətbiq ediləcək. Daha sonra Əməliyyat axtarış fəaliyyəti haqqında qanun layihəsi müzakirə olunub. Qanun layihəsi Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələrin mülki dövriyyəsinin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalara aiddir. Qanun layihəsinə əsasən fiziki və hüquqi şəxslər tərəfindən onların istehsalı, satışı, əldə edilməsi, ölkəyə gətirilməsi və ölkədən çıxarılması yalnız qanunvericilikdə müəyyən edilən qayda əsasında həyata keçirilə bilər. İclasda Yol hərəkəti haqqında, gömrük tarifi, Yeyinti məhsulları haqqında qanun layihələrinə də əlavə və dəyişikliklər edildi. Sonda  qanun layihələri baxılmaq üçün, Milli Məclisin iclasına tövsiyə olunub.