Rəsmi xronika

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

21-02-2011 | 19:10        

  

Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında

 Azərbaycan Respublikası Prezidentinin 2004-cü il  1 iyul tarixli 298 nömrəli  Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin  yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun  artırılması üzrə Dövlət Proqramı”  və 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə həmin Dövlət Proqramına edilmiş Əlavələr uğurla icra olunur. Ölkənin ayrı-ayrı şəhər və rayonlarında  qaçqın və məcburi köçkün  ailələri üçün 67 yeni qəsəbə salınmış, 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülmüş, 130 təhsil , 50-yə yaxın səhiyyə, onlarla rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilmiş, müvafiq infrastruktur yaradılmışdır. Hazırda məcburi köçkünlərin sosial problemlərin həlli , mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl olaraq davam etdirilir.

Eyni zamanda məcburi köçkünlərin böyük əksəriyyəti   hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda  və digər müvəqqəti məskunlaşma yerlərində ağır  şəraitdə yaşayır və ciddi sosial problemlərlə üzləşirlər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq və məcburi köçkünlərin mənzil-məişət  şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işlərin davam etdirilməsi məqsədi ilə qərara alıram:

 

 

1. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət  proqramı ” na Əlavələr təsdiq edilsin.

 

2. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Sərəncamda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə bağlı tələb olunan vəsaitin növbəti illərin dövlət büdcəsində və Azərbaycan Respublikasının Dövlət Neft Fondunun büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görsünlər.

 

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti :

 

3.1. bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat versin.

3.2. bu Sərəncamdan  irəli gələn digər məsələlər həll etsin.

 

 

          İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri 21 fevral 2011-ci il

 

 

 

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR