Rəsmi xronika

Prezident İlham Əliyev “M-Layn” MMC-nin mebel fabrikinin açılış mərasimində iştirak edib

21-02-2011 | 17:32        

  

 

Fevralın 21-də Abşeron rayonunun Hökməli qəsəbəsində  “M-Layn” Məhdud Məsuliyyətli Cəmiyyətinin mebel fabrikinin açılış olub. Mərasimdə Prezident İlham Əliyev iştirak edib.

 

Sahibkarlığın inkişafına dəstək siyasətinə uyğun olaraq  “M-Layn” mebel fabriki dövlətin güzəştli krediti və şirkətin vəsaiti hesabına inşa olunub. Fabrikin ümumi dəyəri 7 milyon 800 min manatdır. Dövlətin güzəştli krediti bunun 55 %-ni təşkil edir.

Prezident İlham Əliyev mebel fabriki ilə tanış oldu. Müəssisənin foyesində ölkədə sosial-iqtisadi inkişaf strategiyasının müəllifi Ulu Öndər Heydər Əliyevin büstü qoyulub. Burada Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin iqtisadiyyatın dinamik inkişafı üçün həyata keçirdikləri kompleks siyasəti əks etdirən guşələr   yaradılıb. Ölkədə gedən sürətli sosial-iqtisadi inkişaf barədə videomaterialları burada quraşdırılan ekranlar vasitəsi ilə də izləmək mümkündür. Burada  Azərbaycan xəritəsi orijinallığı ilə fərqlənir. Prezident İlham Əliyev fabrikin əsas istehsal sahəsi olan mebel yığımı sahəsi ilə  tanış oldu. Fabrikdə təbii ağacdan, MDF-dən, laminəedilmiş MDF-dən, təbii və süni şpondan boyalı və laklı mebellərin istehsalı nəzərdə tutulub. Xammal isə Braziliya, Almaniya, Avstraliya, Kanada və digər ölkələrdən gətiriləcək. Dövlət başçısına burada istehsal olunan hazır mebel dəstləri təqdim olundu. İstehsal edilən yüksək keyfiyyətli mebellər həm daxili, həm də xarici bazar üçün nəzərdə tutulur. Müştərilər  mebelləri  hazır modellər əsasında və ya fərdi  qaydada sifariş edə  bilərlər. Qeyd olundu ki, M-line  mebel fabriki  tərəfindən tətbiq olunan keyfiyyətə nəzarət sistemi mebel istehsalında istifadə edilən materialların və istehsal olunan mebellərin yüksək keyfiyyətini və uzunömürlülüyünü təmin edir. Prezident İlham Əliyev Fabriki işə salıb.

 

Fabrikdə  Almaniya və İtaliya şirkətlərinin avadanlıqları quraşdırılıb. Bu avadanlıqlar mebel istehsalında ən son texnologiyalara əsaslanır. İstehsal sahəsində iki anbar  yaradılıb. Anbarlardan ərazi etibarı ilə böyüyü ümumi xammal üçün nəzərdə tutulub. Digər aksessuar anbarı tam avtomatlaşdırılıb. Burada bütün aksessuarlar kompüter vasitəsi ilə kodlaşdırılıb. Mebellərin aksessuarları xaricdən gətirilir. Prezident İlham Əliyevə mebel fabrikinin gələcək inkişaf perspektivi planı barədə də məlumat verilib. O da vurğulanıb ki, şirkət İSO 9001-2008 Beynəlxalq İdarəetmə və Azərbaycan istehsal standartlarına malikdir. Bu iqtisadi qurumda işçilərin rahatlığı  üçün də hərtərəfli şərait formalaşdırılıb. Yeməkxana 80 nəfər üçün nəzərdə tutulub. Burada tibb  məntəqəsi də fəaliyyət göstərir. Taxta emalı sahəsi ilə tanış olan dövlət başçısına məlumat verildi ki, fabrikdə sifarişə müvafiq əl işi olan mebellər də hazırlanacaq. Burada həmçinin keyfiyyət nəzarət masası da yaradılıb. Mebellər həm xarici ,həm də yerli adla bazara çıxarılacaq. Fabrikdə boyama işləri xüsusi sahədə - həm avtomatik qaydada , həm də əllə aparılacaq. Prezident İlham Əliyevə məlumat verilib ki, ilk dəfə olaraq fabrikdə poliuretan üzlük materiallarının istehsalı xətti də quraşdırılıb. Həmin xəttin aylıq istehsal  gücü  18-20 min kvadrat metrdir. Fabrikdə İtaliyanın Galetti firmasının istehsalı olan isitmə sistemi və tam avtomatlaşdırılmış yanğınsöndürmə sistemi quraşdırılıb. Ərazidə 600 kubmetr həcmində  yeraltı su anbarı da tikilib. Qeyd olunub ki, hal-hazırda fabrikdə 102 nəfər çalışır və bütün işçilər yerli kadrlardır. Yaxın gələcəkdə isə fabrikdə işləyənlərin sayının 150 nəfərə  çatdırılması nəzərdə tutulub. İşçilərin fabrikə rahat gediş-gəlişi üçün xüsusi nəqliyyat vasitəsi də ayrılıb.  Dövlət başçısı görülən işləri yüksək qiymətləndirdi, müvafiq tapşırıq və tövsiyələrini verib.