Siyasət

Vyanada ATƏT PA-nın qış sessiyası keçiriləcək

21-02-2011 | 17:14        

  


Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti qurumun qış sessiyasında iştirak etmək üçün fevralın 22-dən 26-dək  Vyanada səfərdə olacaq. Səfər müddətində azərbaycanlı parlamentarlar avstriyalı həmkarları ilə bir sıra görüşlər də keçirəcəklər. ATƏT Parlament Assambleyasının qış sessiyasında 55 ölkədən 250-dək parlamentar iştirak edəcək. Tədbirdə beynəlxalq katibliyi Bakıda yerləşən Türkdilli Ölkələrin Parlament Assambleyası da xüsusi qonaq statusunda təmsil olunacaq. Sessiya zamanı parlament nümayəndə heyəti Demokratiya, insan hüquqları və humanitar məsələlər, Siyasi məsələlər və təhlükəsizlik, İqtisadiyyat, elm, texnologiya və ətraf mühit üzrə üç ümumi komitənin iclaslarında iştirak edəcək. Tədbirlərdə immiqrasiya, inteqrasiya və çoxmilli dialoq, Yaxın Şərqdə, Belorusda vəziyyət, son aylarda Misir və Tunisdə baş vermiş hadisələr barədə müzakirələr aparılacaq.  Nümayəndə heyətimiz gündəliyə daxil məsələlərə münasibət bildirməklə yanaşı çıxışlarında Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi prioritet təşkil edəcək. Səfər çərçivəsində nümayəndə heyətimizin üzvləri Avstriya Milli Şurasının sədr müavini, ATƏT PA-nın Vyanadakı ofisinin xüsusi nümayəndəsi və bir sıra digər rəsmi şəxslərlə, bu ölkə parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri, həmçinin avstriyalı deputatlarla görüşlər keçirəcəklər. Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, regional münaqişələrin həlli və digər mövzularda fikir mübadiləsi aparılacaq.