Rəsmi xronika

Prezident İlham Əliyev AZMDF zavodunun açılış mərasimində iştirak edib

21-02-2011 | 17:04        

  


 

Fevralın 21-də Prezident İlham Əliyev, Bakı-Şamaxı yolunun 15 kilometrliyində, Abşeron rayonu ərazisində inşa olunan AZMDF zavodunun açılış mərasimində iştirak edib. Prezident İlham Əliyev AZMDF zavoduna gəlib. Zavodun ərazisi ilə tanış olan  dövlət başçısına məlumat verilib ki, xammal kimi istifadə olunan ağac materialları Rusiyadan vaqonlarla gətirilərək 50 min kvadratmetr sahəsi olan ağac deposuna boşaldılır və növlərinə görə çeşidlənir. Yüksək keyfiyyətli məhsulun əldə olunması üçün hazırda istehsalatda 3 növ ağacdan istifadə olunur. İstehsalın ilkin mərhələsi xammalın hazırlanmasıdır. Bu məqsədlə əvvəlcə ağac qabıqları gövdədən təmizlənir. Həmin mərhələdə əldə olunan qabıqlar gələcəkdə istilik enerjisinə çevrilmək məqsədilə zavodun ərazisindən xaric edilir. Qabığından təmizlənmiş gövdələr isə növbəti istehsal prosesinə ötürülür. Prezident İlham Əliyev zavodu işə salıb. Dövlət başçısına məlumat verilib ki, texnologiya standartına uyğun gələn xırda hissələr lifin hazırlanması üçün yuyulma aparatına göndərilir. Yuyulma mərhələsində taxta qırıntıları mövcud olan tozdan təmizlənir və lifin hazırlanması üçün tam hazır vəziyyətə gətirilir. İstehsal prosesi ilə tanışlıq zamanı dövlət başçısına müəssisənin fəaliyyəti ilə bağlı film nümayiş etdirildi. Bildirildi ki, texnologiyaya görə lifləmə prosesi ən önəmli mərhələlərdən biridir. Bu, ağac lifinin hazırlanması prosesidir. Yuyulmuş taxta hissələri rifaynerin vertikal çənlərinə göndərilir və burada isti buxara verilir. Rifaynerin çıxışında lifə sintetik yapışqan və parafin əlavə olunur. Yapışqanla qarışdırılmış ağac lifləri boruların içində isti hava vasitəsilə qurudulur .İstehsalatın növbəti mərhələsində yapışqanlı lif siklonlardan xüsusi çənlərə ötürülür, məhz burada xalça formalaşması prosesi başlayır. Ağac lifləri hələ çox yumşaq olduğu üçün ilkin presləmə üsulu ilə sıxılır və xalça formasına salınır və  müvafiq ölçüdə kəsilir. Yüksək keyfiyyətli istehsal standartlarını qorumaq üçün zavodda ən müasir texnologiya və avadanlıqlardan istifadə olunur. MDF istehsalı xətti tam kompüterləşdirilib və avtomatlaşdırılıb. Operatorlar yalnız texnoloji parametrləri tənzimləyib prosesə nəzarət edirlər. Son mərhələdə  MDF plitələri standarta uyğun kəsilir. Cilalama sexinə baxan Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, məhz bu sex MDF-nin istehsalında xüsusi rol oynayır. Cilalama 3 mərhələdə baş verir və MDF-in səthi texnologiyaya uyğun hamarlığa çatdırılır. Cilalama mərhələsində MDF plitələri dünya standartlarına cavab verən son yoxlama və sertifikatlaşma işlərinə hazır olur. Sonuncu istehsalat mərhələsi isə hazır MDF plitələrinə zahiri yaraşıq verən üzləmə prosesidir. Burada MDF plitələri laminasiya olunur. Hazır məhsullara baxan dövlət başçısına məlumat verilib ki, digər alternativ materiallardan MDF-i bir sıra üstünlüklər fərqləndirir. Bura ekoloji təhlükəsizlik, möhkəmlik, həşərat və göbələklərin təsirinə, temperatur deformasiyalarına və rütubətə davamlılıq, yüksək səs və istilik izolyasiyası, rahat işləmə və oyulma qabiliyyəti və digər xüsusiyyətlər daxildir. Yeni zavodun fəaliyyəti keyfiyyətcə xarici analoqlardan geri qalmayan yerli MDF istehsal etməyə və bununla MDF-dən hazırlanan məhsulların indiyədək mövcud olan qiymətlərinin aşağı  düşməsinə  müsbət təsir göstərəcək.