Xarici xəbərlər

Qeyri-sabit hava şəraiti dünyanın bəzi ölkələrində fəsadlara səbəb olub

11-01-2011 | 17:42        

  

Rusiyanın Kamçatka vilayətində qar uçqunu təhlükəsi yaranıb. Almaniyanın bir çox bölgələrində isə daşqınlar fəsadlara səbəb olub. Çexiyanın paytaxtı Praqa da daşqın təhlükəsi ilə üzləşib. Amerika Birləşmiş Ştatlarında isə qeyri sabit hava şəraiti səbəbindən minlərlə aviareys təxirə salınıb. Amerika Birləşmiş Ştatlarının cənub-şərq bölgələrində qar fırtınası tüğyan edir. Qeyri sabit hava şəraiti əsasən Tennessi, Missisipi, Şimali və Cənubi Karolina, Arkanzas, Alabama və Corciya ştatlarına ciddi ziyan vurub. Yolların buz bağlaması, hündürlüyü yarım metrə çatan qar səbəbindən çox sayda avtoqəzalar baş verib. 30-dək federal əhəmiyyətli yol tamamilə bağlanıb. Elektrik xətləri sıradan çıxıb. On minlərlə sakin işıqsız qalıb. Hava limanlarında 2 mindən çox reys təxirə salınıb. Minlərlə sərnişin mənzil başına çata bilmir. Soyuq və qarlı hava səbəbindən bir sıra bölgələrdə fövqəladə vəziyyət elan olunub. Bir çox məktəblər və dövlət idarələri başlanıb. Rusiyanın Kamçatka vilayətindəki dağlıq ərazilərdə isə qar uçqunu barədə xəbərdarlıq  edilib. Mütəxəssislər dağlarda qar kütləsinin həddindən artıq çox olduğunu bildiriblər. Yelizovsk, Milkovsk və Ust-Kamçatsk rayonlarında qar uçqunu təhlükəsi daha çoxdur. Bu arada isə Almaniyada aramsız leysan və əriyən qar səbəbindən baş verən daşqınlar davam edir. Ölkənin qərbində vəziyyət daha acınacaqlıdır. Təbii fəlakət nəticəsində həlak olanlar barədə məlumatlar yayılıb. Köln və Düsseldorfda Reyn çayının səviyyəsi 8 metrə çatıb. Aşağı Saksoniyada yerləşən Hann-Münden şəhərində vəziyyət daha kəskindir. Şəhər demək olar ki, su altındadır. Dünya şöhrətli Mozel üzümlükləri də tamamilə su altında qalıb. Reyn çayında gəmilərin hərəkəti dayandırılıb. Xilasedicilər qum kisələrindən bəndlər qurur. Ölkənin şimal-qərbindəki əyalətlərdə əhalinin evakuasiyasına hazırlıq işlərinə başlanıb. Çexiyanın paytaxtı Praqa da daşqın təhlükəsi ilə üzləşib. Şəhərin bir çox rayonlarında təxirəsalınmaz təhlükəsizlik tədbirləri görülür. Vltava çayının suyu polad və betondan hazırlanan hidrodarvazalar vasitəsilə Çertovka çayını axıdılır. Bir çox ərazilərdə isə çay sahilləri dəmir-beton qurğularla bərkidilib. Avstraliyanın şimal-şərq bölgələrində də güclü daşqınlar davam edir. Təbii fəlakət nəticəsində 7 nəfərin həlak olduğu bildirilir. Xilasedicilər itkin düşən 70 nəfərin axtarışını davam etdirirlər. Güclü sel onlarla evi dağıdıb. Yüzlərlə avtomobil yararsız hala düşüb. Daşqın suları əsasən kənd təsərrüfatına ziyan vurub. Mütəxəssislər meyvə bağlarının, pambıq və taxıl zəmilərinin tamamilə məhv olduğunu bildiriblər. Məlumata görə, milyonlarla ton məhsul məhv olub. Bu son 50 ilin ən güclü daşqını hesab edilir. Meteoroloqlar leysanların bir müddət davam edəcəyini bildiriblər. Avstraliyanın qərbində isə güclü meşə yanğınları tüğyan edir. Meşə yanğınları səbəbindən yüzlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb. Leyk Klifton şəhəri yaxınlığında 3 ev yanaraq külə dönüb. Bölgədə sürəti saatda 50 kilometr olan külək alovun qarşısını almaqda çətinliklər yaradır. Alovla mübarizəyə 150 yanğınsöndürmə briqadası cəlb olunub. Rəsmilər yanğının qəsdən törədildiyini bildiriblər.