Cəmiyyət

“Xocalıya Ədalət” beynəlxalq kampaniyası davam edir

21-02-2011 | 14:05        

  

Xocalıya ədalət kampaniyası” davam edir. Faciənin növbəti il dönümü ilə əlaqədar İranda ve İordaniyada müxtəlif anım tədbirleri keçirilir. Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar Azərbaycanın İordaniyadakı səfirliyində tədbirlər planı hazırlanıb. Tədbir öncesi bir neçə dildə hazırlanmış əyani vəsaitlər, o cümlədən kitablar, foto, video materiallar, səfirliyin bəyanatı paylanıb. Tədbirlər planında fevralın 20-dən 26-dək İordaniyada Xocalı həftəsi elan edilməsi, mövcud olan əyani vəsaitlərin çoxaldılaraq paylanması, KİV-lərdə məlumatların yayılması nəzərdə tutulub. Bundan başqa Kral Hüseyn klubunda Xocalı hadisələrinə həsr olunan sərgi açılacaq. Sərgidə müxtəlif foto, video materiallar, kitab və digər çap materialları numayiş etdiriləcək. Bundan əlavə, səfirlik İordaniya-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə tədbir təşkil edəcək. Tədbirdə Cəmiyyətin idarə heyətinin üzvləri, Azərbaycan icmasının nümayəndələri iştirak edəcək. Hər iki tədbirdə hazırda İordaniyada səfərdə olan Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri çıxış edəcəklər.  Tehranda da Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar anma mərasimi keçiriləcək. Azərbaycan səfirliyinin təşkilatçılığı ilə keçiriləcək mərasimdə İran hökumətinin rəsmi şəxsləri, Tehrandakı diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri, ictimaiyyət, bu ölkədə ali təhsil alan tələbələrimiz iştirak edəcəklər. İştirakçılara soyqırımı ilə bağlı çap materialları, kitab və jurnallar paylanacaq. Təbrizdə isə “Xocalı soyqırımı – insanlığa qarşı cinayət” mövzusunda konfrans keçiriləcək. Azərbaycanın Təbrizdəki baş konsulluğunun təşkilatçılığı ilə keçiriləcək konfransda Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi yad ediləcək. Qanlı faciə ilə bağlı çıxışlar dinləniləcək. “Məhv edilmiş şəhər” sənədli filmi göstəriləcək ve “Xocalı soyqırımı” fotosərgisi təşkil olunacaq. Konfransda İran rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak edəcək.