Siyasət

Ölkədə ilk dəfə inzibati iqtisadi məhkəmələr fəaliyyətə başlayıb

11-01-2011 | 16:34        

  

2011-ci il yanvarın 1-dən ölkədə ilk dəfə olaraq inzibati məhkəmələr fəaliyyətə başlayıb. “İnzibati İcraat haqqında” qanun və İnzibati Prosessual Məcəllə qüvvəyə minib. Yeni qanunvericilik bazası və inzibati İqtisadi məhkəmələrin fəaliyyəti Azərbaycanda məhkəmə-hüquq sahəsinə yeniliklər gətirib. Ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatların nəticəsi olaraq “İnzibati İcraat Haqqında” qanunun, İnzibati-Prosessual Məcəllənin qüvvəyə minməsi və İnzibati İqtisadi Məhkəmələrin fəaliyyətə başlaması vətəndaşların hüquq və azadlıqların genişləndirilməsinə yönələn addımdır.

Azərbaycanda yeni tip olan inzibati iqtisadi məhkəmələr Bakı, Naxçıvan,  Gəncə, Şirvan, Sumqayıt və Şəkidə yaradılıb. Həmin məhkəmələr formalaşanadək isə qanunvericilik bazasının yaradılması ilə yanaşı bu sahədə çalışan hakimlərin fəaliyyəti üçün bir sıra tədbirlər həyata keçirilib. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəmənin sədri Müseyib Hüseynov deyir ki, İnzibati iqtisadi məhkəmələrin yaranması Azərbaycana köklü şəkildə yeniliklər gətirib. Yeni qanun vətəndaş-məmur münasibətlərində yaranan mübahisələrin qısa zaman çərçivəsində çevik həllinə imkan verir. İnzibati mübahisələrlə bağlı artıq məhkəməyə müraciətlər də daxil olub.

Bu məhkəmələrin fəaliyyəti artıq göz qarşısındadır. Vətəndaşlar artıq bilir və müraciətlər get-gedə artır. Sadəcə vətəndaşlar bilir ki,  Azərbaycanda yeni bir institut yaranıb. Vətəndaşlar nə qədər fəal olsalar dövlət orqanları, məmurlar da öz fəaliyyətlərində daha məsul olarlar. Mövcud qanunvericiliyə əsasən inzibati məhkəmələr üç pilləlidir. Apelyasiya məhkəmələrində və Ali Məhkəmədə İnzibati mübahisələrə dair işlər üzrə kollegiyalar yaradılıb. Apelyasiya məhkəmələrində yaradılan  kollegiyalar ikinci instansiya qismində, Ali Məhkəmədə formalaşdırılan kollegiya isə kasasiya instansiya qismində fəaliyyət göstərir.  Məcəlləyə əsasən belə işlərin baxılmasına müddət qoyulmur. Vətəndaş bilir ki, onun dövlət orqanlarında bu və ya digər mübahisələrinə peşəkar formada, hər hansı bir mübahisənin həlli üçün kifayət edəcək müddətdə baxılır. Ekspertlər hesab edir ki, inzibati məhkəmələrin fəaliyyətə başlaması digər məhkəmə instansiyalarına inzibati qərarlardan edilən şikayətlərin və həmin məhkəmələrin iş yükünün azalmasına səbəb olacaq.