Mədəniyyət

Arxivlər vahid informasiya bazasının yaradılması məqsədilə elektronlaşdırılacaq

19-02-2011 | 15:18        

  

 

Milli Arxiv İdarəsi vahid informasiya bazasının yaradılması məqsədilə arxivlərin elektronlaşması işini davam etdirir. Foto sənədlərin elektronlaşmasına bir neçə il bundan öncə başlanılıb. Hazırda isə kağız üzərində olan sənədlərin elektron daşıyıcılarına köçürülməsi işinə start verilib.  Dövlət Kino-Foto sənədləri arxivində mühafizə edilən 350 minə yaxın foto sənəddən 90 minə qədəri artıq elektron daşıyıcılarına köçürülüb. Kağız əsaslı sənədlər üzərində elektronlaşmanın aparılması üçün xaricdən lazımi avadanlıq sifariş verilib. 

Arxiv sənədlərinə müntəzəm müraciət olunur. Təkcə 2010-cu ildə dövlət arxivləri vətəndaşlar, idarə və təşkilatlar tərəfindən daxil olan 30 mindən artıq sorğunu icra edib. Arxiv idarələrində istifadəçilər üçün oxu zalları da fəaliyyət göstərir.

Qeyd edək ki, bu gün ölkəmizdə 7 respublika dövlət arxivi, onların 15 filialı, habelə Naxçıvan Muxtar Respublikasının və 56 rayonun dövlət arxivi fəaliyyət göstərir. Həmin arxivlərdə idarəçilik işləri, elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin sənədləri, foto, kino və fono sənədləri mühafizə edilir.