Mədəniyyət

Azərbaycanlı rəssamlar Moskvada beynəlxalq incəsənət festivalının baş mükafatını alıb

11-07-2012 | 16:36        

  

Moskvada 1 həftədir davam edən “Ənənə və Müasirlik” beynəlxalq incəsənət festivalının mükafatlandırma mərasimi olub. Moskvanın “Et Setera” teatrında baş tutan mərasimdə Azərbaycanlı rəssamlar da mükafatlandırılanlar sırasında olub. İyulun 4-dən 10-a kimi Rusiya paytaxtında keçirilən “Ənənə və müasirlik” adlı VI Moskva Beynəlxalq Sənət Festivalı sona çatıb. Paytaxtın “Manej” Mərkəzi Sərgi Salonunda keçirilən festivalda 30-dan çox ölkəni təmsil rəssamlar iştirak edib. Azərbaycanlı rəssamlar Məryəm Ələkbərli və Rəşad Mehdiyev festivalda uğurla çıxış edərək münsiflər heyətinin və sərgiyə qatılan tamaşaçıların rəğbətini qazanıb. “Ənənə və müasirlik” adlı VI Moskva Beynəlxalq Sənət Festivalının yekununa həsr olunan və  “Et Setera” teatrında keçirilən mərasimdə çıxış edən festivalın təşkilatçısı Moskva İctimai Fondunun prezidenti Vera Kiselyova   belə tədbirlərin çox mühüm çəkiyə malik olduğunu vurğulayaraq   festival qaliblərini  təbrik   edib. Vera Kisilyova  qeyd edib   ki, münsiflər heyətinin qərarı ilə ayrı-ayrı nominasiyalar  üzrə 22 rəssam  qalib  adına  layiq  görülüb.  Daha sonra mükafatlar təqdim olunub. Həmyerlimiz  istedadlı  rəssam  Məryəm Ələkbərli “Qizil güllər, Qizil güllər, Qizil güllər” rəsminə görə rəngkarlıq istiqamətində “Yeni baxiş” nominasiyasında festivalın baş mükafatı olan Vera bürünc heykəlciyi  və dipomu ilə mükafatlandırılıb.  Digər istedadlı rəssam Rəşad Mehdiyev isə Rəngkarlıq istiqamətində mükafata layiq görülüb.  O “milli özünəməxsusluq” nominasiyasında Leyla rəsminə görə festivalın qalibi  adını qazanıb. Qeyd edək ki, Moskva İctimai Fondu, Rusiya Dövlət Dumasının Mədəniyyət Komitəsi, “World for Cultur and Peace” Beynəlxalq Fondu və Rusiya İncəsənət Akademiyasının təşkilatçılığı ilə keçirilən “Ənənə və müasirlik” adlı VI Moskva Beynəlxalq Sənət Festivalının qaliblərinə  təqdim  edilən   “Vera” mükafatı təsviri-incəsənət sahəsində verilən məşhur mükafatlardan hesab edilir.