Siyasət

TBMM “Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqaviləni” ratifikasiya edib

18-02-2011 | 15:45        

  

 

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyası Azərbaycan və Türkiyə arasında imzalanmış “Azərbaycan  və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”ni ratifikasiya edib.
 “Azərbaycan və Türkiyə arasında imzalanmış “Azərbaycan  və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə” 2010-cu ilin avqustunda Bakıda prezident İlham Əliyev və Abdulla Gül tərəfindən imzalanıb. Azərbaycan Milli Məclisi bu müqaviləni 2010-cu ilin dekabrında keçirilən plenar sessiyasında ratifikasiya edib. Sənəd  “Hərbi-siyasi və təhlükəsizlik”, “Hərbi və hərbi-texniki əməkdaşlıq”, “İqtisadi əməkdaşlıq”, “Humanitar” məsələlər, “Ümumi və yekun müddəalar”dan ibarətdir. On illik müddəti əhatə edən müqaviləyə əsasən, dövlətlərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünü müdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla bir-birinə qarşılıqlı yardım göstərəcək. Tərəflər müdafiə ehtiyacları və təhlükəsizliyi üçün müdafiə təyinatlı məhsulların və maddi-texniki vasitələrin təchizatı, müdafiə təyinatlı məhsulların yaradılması və istehsalı, müdafiə təyinatlı xidmətlərin təqdim edilməsi, birgə hərbi təlimlərin və müdafiə hazırlığı üzrə tədbirlərin keçirilməsi, silahlı qüvvələr üçün mütəxəssislərin hazırlanması, silahlı qüvvələrin fəaliyyətinin arxa cəbhə təminatı, hərbi tibb və səhiyyə və digər məsələrdə əməkdaşlığa dair razılıqlarını sənəddə ifadə ediblər. Qeyd edək ki, Milli Məclis ötən ilin dekbarında “Azərbaycan  və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında” Birgə Bəyannaməni də təsdiqləyib.