Cəmiyyət

“Azərbaycan qadını ”jurnalının yay buraxılışının təqdimatı olub

10-07-2012 | 12:28        

  

 

“Azərbaycan qadını” jurnalının növbəti 11-ci sayı işıq üzü görüb. Beynəlxalq Muğam Mərkəzində jurnalın yeni sayının təqdimat mərasimi olub.  Hər 3 aydan bir oxucuların görüşünə gələn “Azərbyacan qadını “ jurnalının budəfəki buraxılışında bir-birindən maraqlı bədii-publisistik yazılar, eləcə də ölkəmizin həyatında parlaq hadisəyə çevrilən mühüm beynəlxalq layihələri əks etdirən materiallar  yer alıb. Dərginin səhifələrini vərəqlədikcə ötən mədəniyyət həyatımızda hadisəyə çevrilən tədbirlər bir daha göz önünə gəlir.   Heydər Əliyev Fondunun təşkilatçılığı ilə İtaliyada ölkəmizin mədəni dəyərlərinin gözəl təqdimatının keçirilməsi, Romada Azərbaycanın dahi şairi Nizami Gəncəvinin abidəsinin açılışı bir daha  mədəni dəyərlərimizə olan hörməti  təcəssüm etdirir.

“Azərbaycan qadını” jurnalı bizim hər birimizi bu parlaq hadisələrin iştirakçısına çevirir. Jurnalın səhifələrində gözəl bir təqdimat mərasiminin şahidi oluruq - Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevanın həyata keçirdiyi layihələr ,elm, təhsil adamlarımızın uğurları qeyd olunub.  Jurnalın çox məşhur rubrikası olan “Pyedestal”ın budəfəki qonağı ilk dəfə olaraq fizikanın mürəkkəb məsələlərindən deyil, həyat məsələlərindən danışıb, böyüdüyü ailədən, övladlarından söz açan   akademik  Mahmud Kərimovdur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən, Qız qalası festivalı,  YARAT-ın  təqdim etdiyi 012 Baku Publik Art Festivalı da jurnalın yay buraxılışını daha da rəngarəng edib.  Jurnalda  “Eurovision”un xüsusi qonaqları ilə maraqlı məlumatlar, ulduzlarla müsahibələr diqqəti çəkir..

 

“Azərbaycan qadını” jurnalının yay buraxılışında oxucuları həmçinin “Bakının nəğməli qonaqları” və “İki təkər üstündə zərif yarış”ın iştirakçıları, “Eurovision-2011”in qalibi Nigar Camal və “Eurovision-2012”nin üç aparıcısından biri - Nərgiz Birk Petersen ilə yaxından tanışlıq gözləyir.  Təqdimat mərasimində çıxış edən Nərgiz Birk Petersen jurnalın mədəni həyatımızdakı rolundan danışdı. Sonra muğam Mərkəzində  tədbrin əyləncəli hissəsi başladı. Gecədə  Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin müşayiəti ilə Üzeyir Hacibəylinin “Arazbarı”, “Aşıqsayağı”, Aşıq Veysəlin “Uzun, incə bir yoldayam”  əsərləri tamaşaçılara təqdim olundu. Konsertdə simfonik orkestrin müşayiəti ilə ifa olunan  aşıq havaları da alqışlarla qarşılandı.