Siyasət

Parisdə Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunan təntənəli mərasim keçirilib

18-02-2011 | 12:04        

  

Fevralın 17-də Parisdə Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunan təntənəli mərasim keçirilib. Heydər Əliyev Fondunun və ölkəmizin Fransadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə baş tutan mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva da iştirak edib.

 

Azərbaycan mədəniyyətinin təntənəsi bu dəfə dünyanın mədəniyyət paytaxtı olan Parisdə yaşanıb. Prezident İlham Əliyevin Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünün qeyd olunması ilə bağlı imzaladığı sərəncama uyğun təşkil olunan bu mötəbər mərasim Azərbaycan mədəniyyətinin təbliği baxımından mühüm addım oldu. Bu fikir Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransanın mədəniyyət naziri Frederik Mitteranla görüşündə də səslənib.

Sonra Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunan mərasim başlayıb.

Fransanın mədəniyyət naziri Frederik Mitteran Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə təbriklərini çatdırıb. Frederik Mitteran Fransanı Azərbaycan mədəniyyətinin ən yaxın dostlarından biri adlandırıb. Nazir Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən məlumatlı olduğunu bildirərək, Fondun Azərbaycanda mədəniyyətin inkişafına töhfələrini yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan muğam və aşıq musiqisinin vətənidir. Azərbaycan bəstəkarlarının əsərləri Fransada da çox sevilir və Azərbaycan Fransa yazıçılarının əsərlərində də təsvir olunub. Fransanın mədəniyyət naziri hər 2 ölkənin mədəni irsinin daha çox təşviq olunmasını arzulayıb. O, Mehriban Əliyevanın YUNESKO çərçivəsində həyata keçirdiyi fəaliyyətini yüksək qiymətləndirib. Frederik Mitteran ölkələrimiz arasında mədəni əlaqələrin genişlənməsindən məmnun olduğunu deyib.

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış etdi. Mehriban Əliyeva ölkəmizə və mədəniyyətimizə göstərilən diqqətə və verilən dəyərə görə minnətdarlığını bildirib. Bu il Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20 illiyinin qeyd edildiyini deyən Azərbaycanın 1-ci xanımı bu hadisəyə həsr olunan ilk tədbirin Fransada keçirilməsindən məmnunluğunu ifadə edib. Mehriban Əliyeva qeyd etdi kİ, müstəqil ölkə kimi Azərbaycan çox gəncdir, lakin odlar yurdu adlanan bu diyarın qədim tarixi var. Ölkəmizin tarixi barədə mərasim iştirakçılarına məlumat verən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva şərqlə qərbin qovşağında yerləşən Azərbaycan uğrunda tarixin müxtəlif dövrlərində  aparılan mübarizələr haqqında danışıb. Bildirib ki, bütün bunlara baxmayaraq xalqımız öz tarixini, dilini, dinini, mədəniyyətini qoruyub saxladı, milli mənliyini itirməyib. Mehriban Əliyeva Azərbaycanın xalq cümhuriyyəti dövründə əldə etdiyi nailiyyətləri xatırladıb. 

 

1918-ci ildə əldə edilən müstəqilliyin cəmi 23 ay çəkdiyini deyən Azərbaycanın 1-ci xanımı Azərbaycanın 70 ildən çox sürən dövr ərzində Sovet rejiminin sərt qanunları ilə üzləşdiyini və bu illər ərzində də xalqımızın müstəqillik arzusu ilə yaşadığını və nəhayət buna nail olduğunu vurğulayıb. Mehriban Əliyeva diqqətə çatdırdı ki, tarixi baxımdan 20 il böyük dövr olmasa da, bu qısa zamanda Azərbaycan çox böyük nailiyyətlər əldə edib, bölgənin ən sürətlə inkişaf edən ölkəsinə çevrilib.

 

 

Tədbirdə ölkəmizin incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etdilər. Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında səslənən Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürası salona Azərbaycan ovqatı gətirib. Bu mərasimdə Azərbaycan musiqisinin ən gözəl nümunələri səslənib, olduqca tələbkar auditoriyanı öz sehrinə salıb.  Şirzad Fətəliyevin balabanda orkestrin müşayiəti ilə ifa etdiyi Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısı, Üzeyir bəyin “Arşın mal alan” musiqili komediyasına yazdığı uvertüra, Fikrət Əmirovun bəstələdiyi əvəzsiz sənət əsərləri Azərbaycan adlı məmləkətin sahib olduğu və xalqımızın min illərdir qoruyub saxladığı qiymətli xəzinəni Qərb tamaşaçısına uğurla çatdırıb.  Dahi bəstəkar Qara Qarayevin bəstələdiyi “Rəqs” və İsfar Sarabskinin ifa etdiyi “Novruz” caz kompozisiyası, xanəndə Mirpaşa Şükürovun ifasında səslənən “Qarabağ şikəstəsi” də bu ovqata bir rəng qatıb. Bu son dərəcə maraqlı konsert proqramı özlüyündə təsdiq edib ki, bu gün Azərbaycan mədəniyyətinin nadir incilərinin sorağı mötəbər mərasimlərdən gəlir. Bu da ilk növbədə Azərbaycan dövlətinin mədəni irsimizə olan münasibətinin nəticəsidir. Təbii ki, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliğində oynadığı rol da əvəzolunmazdır. Elə bu mərasim də Fondun prezidenti Mehriban Əliyevanın mədəni irsimizə olan münasibətini dinamikasını yetərincə göstərir. Vivaldinin “Yay”ı, Qara Qarayevin “Vals”ı, Niyazinin “Arzu”su, Pulenkin “Məhəbbət yollarında” musiqiləri və məşhur “Küçələrə su səpmişəm” xalq mahnısının ifası bir daha təsdiqlədi ki, Qərb tamaşaçısı bu son dərəcə maraqlı koloriti olan, incə hisslərlə dolu musiqini sevir. Azərbaycan musiqisinin ovsunu istər-istəməz insanı öz təsiri altına salmağı bacarır. Konsertdə Kurtisin “Vernis v Sorento” əsəri ilə yanaşı, C.Allahverdiyevin “Kapriççio”su da səslənib. Natiq Şirinovun “Azərbaycan ritmləri” isə gecəyə xüsusi ovqat bəxş edib. Ən nəhayət, bu möhtəşəm gecənin yekununda Fikrət Əmirovun dünyada məşhur “1001 gecə” baletindən bir parça ifa edilib. Bu sənət əsərləri Azərbaycan musiqisinin zənginliyindən xəbər verib. Fransa mədəniyyətsevərlərində Azərbaycana, onun zəngin musiqisinə əbədi maraq oyadıb.  

Sonra Azərbaycan sərgisinə baxış olub. Sərginin ən əhəmiyyətli məqamı burada Qarabağ xalılarının nümayiş etdirilməsi idi. Ölkəmizin ayrılmaz parçası olan Qarabağda toxunan xalılar öz gözəlliyi, rəng çaları, ornamentlərin quruluşu ilə tamaşaçıları heyran edib. Bu mədəniyyət nümunələri Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha təsdiqləyib, xalqımızın sahib olduğu mədəni dəyərlərin zənginliyindən xəbər verib. Xalçalarımıza olan maraq təsdiqləyib ki, dünya mədəniyyətinin inkişafına yetərincə təsir edən Azərbaycan xalçaları tarix boyu öz gözəlliyi ilə bütün dünyanı heyran qoyub. İndi Azərbaycan xalılarının sorağı ən məşhur saraylardan, muzeylərdən gəlir, 16-cı əsrdə toxunan və Londonun Viktoriya və Albert muzeyində qorunan "Şeyx Səfi" xalısı ornamental xalçaların ən gözəl nümunəsi kimi bu gün də Azərbaycan xalçaçılıq məktəbini dünya miqyasında şərəflə təbliğ edir. Sərgidə nümayiş olunan qədim misgərlik məmulatları da ölkəmizdə el sənətinə verilən dəyəri Avropa tamaşaçısının diqqətinə çatdırdı. Sərgi çərçivəsində “Azərbaycan” nəşrinin fransız dilində dərc olunan versiyasının təqdimatı da keçirildi. Heydər Əliyev Fondunun ən mühüm layihələrindən olan “Azərbaycan” nəşrinin doğma dilimizdə olan versiyası ötən ilin əvvəlində Bakıda Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə təqdim olunmuşdu. Nəşrə daxil olan fotoşəkillər ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, insan qaynaqları, bölgələrimiz haqqında oxucuda kifayət qədər dolğun təəssürat yaradır. Azərbaycanı, onun mavi Xəzərin sahilində qərar tutmuş, Şərq və Qərb koloritlərinin cəmləndiyi paytaxtını tərənnüm edir. 

Qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub. Beləliklə, Azərbaycan mədəniyyətinin Parisdə nümayişi bir bayrama döndü və sözün əsil mənasında hadisəyə çevrildi. Xalqımızın milli kimliyinin, soydaşlarımızın arzu və istəklərinin əks olunduğu bu mədəniyyət nümunələri hər bir azərbaycanlının qəlb döyüntüsünü qərb tamaşaçısına uğurla çatdırdı. Bu mədəniyyət  nümunələri mərasimə gələn hər bir kəsi nağıllar aləminə - Azərbaycana gətirdi.

**