Siyasət

Kuba Azərbaycanla iqtisadi əlaqələri gücləndirmək niyyətindədir

17-02-2011 | 18:51        

  

 

Kuba ilə Azərbaycan arasında diplomatik münasibətlər yüksək səviyyədə inkişaf edir. Kuba iqtisadi sahədə də əlaqələri gücləndirmək niyyətindədir. Kubanın xarici işlər naziri Bruno Rodriges Pariya azərbaycanlı həmkarı Elmar Məmmədyarovla iki ölkə arasındakı münasibətlərin perspektivlərini müzakirə edib. Azərbaycana rəsmi səfəri çərçivəsində Kubanın xarici işlər naziri Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, öz ehtiramını bildirib. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən oğul və qızlarımızın məzarlarını da yad edərək Əbədi Məşəl abidəsi önünə əklil qoyub. Daha sonra kubalı nazir Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla iki ölkə arasındakı siyasi və iqtisadi münasibətlərin perspektivlərini müzakirə ediblər. Qeyd edilib ki, Kuba Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Danışıqlarda BMT çərçivəsində keçiriləcək  növbəti tədbirlərdə Azərbaycanın xarici siyasəti üçün maraqlı olan məsələlər önə çəkilib. 

Danışıqlarda turizm sahəsindəki əməkdaşlığın da vacibliyi vurğulanıb. Azərbaycanlı nazirin sözlərinə görə, hələ sovetlər dövründə 1000 nəfər Kuba vətəndaşı məhz Azərbaycanda təhsil alıb. Hazırda Kubanın enerji nazirliyində çalışanların 60 %-i də Azərbaycanda təhsil alanlardır. Yeri gəlmişkən, bu il Azərbaycanda Kuba mədəniyyət günlərinin  keçirilməsi planlaşdırılır.