Rəsmi xronika

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri T.Şaraşenidzenin etimadnaməsini qəbul edib

17-02-2011 | 17:38        

  

 

Prezident İlham Əliyev fevralın 17-də Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzenin etimadnaməsini qəbul edib. Səfir Teymuraz Şaraşenidze fəxri qarovul dəstəsinin qarşısından keçib.

Teymuraz Şaraşenidze etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlətimizin başçısı səfir Teymuraz Şaraşenidzenin ölkəmizdəki fəaliyyəti müddətində Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib. Azərbaycan ilə Gürcüstanın yaxın qonşu, dost və qardaş ölkələr olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizi bir çox tarixi dəyərlərin birləşdirdiyini deyib. Münasibətlərimizin səviyyəsinin və dinamikasının razılıq doğurduğunu bildirən dövlət başçısı bütün sahələrdə həyata keçirilən birgə təşəbbüslərin və layihələrin önəmini qeyd edib. Qarşıdakı illərdə reallaşması nəzərdə tutulan layihələr üzərində fəal işlərin aparılacağını deyən Prezident İlham Əliyev ölkələrimizdə və regionda birgə fəaliyyət üçün yeni sahələrin müəyyənləşdiriləcəyini də bildirib. Dövlətimizin başçısı Azərbaycan və Gürcüstan arasında siyasi, iqtisadi və humanitar sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz

 arasında əlaqələrin xalqlarımız və eləcə də regional əməkdaşlıq və təhlükəsizlik üçün önəmini qeyd edib. Səfir T.Şaraşenidze Azərbaycan Prezidentinə və xalqımıza olan yüksək ehtiramını dövlətimizin başçısına çatdırıb. Tarixən yaxın münasibətdə olan ölkədə səfir kimi fəaliyyət göstərməyin böyük məsuliyyətli iş olduğunu vurğulayan gürcüstanlı diplomat ölkələrimiz arasında mövcud əlaqələrin daha da möhkəmlənməsində və dərinləşməsində səylərini əsirgəməyəcəyini deyib.